Hərbi zavoddakı partlayışda yaralananların sayı 12-yə çatdı - YENİLƏNİB

Hərbi zavoddakı partlayışda yaralananların sayı 12-yə çatdı - YENİLƏNİB backend

Şirvanda baş vermiş partlayışda xəsarət alan 12 nəfər Şirvan Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb. Xəstəxanadan APA-nın yerli bürosuna bildirilib ki, həmin şəxslər xəstəxanaya yerləşdirilib, onlara tibbi yardım göstərilir.

***


17:06

Şirvanda baş vermiş partlayış zamanı xəsarət alanlara tibbi yardımın göstərilməsi məsələsi səhiyyə naziri Oqtay Şirəliyevin şəxsi nəzarətinə götürülüb.

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, bu ana qədər Şirvan Mərkəzi Rayon xəstəxanasına 11 xəsarət almış şəxs çatdırılıb.

Xəsarət alanlara mütəxəssislər tərəfindən zəruri tibbi yardım göstərilir.

Təcili yardım briqadaları hadisə yerində işini davam etdirir.


***

16:51

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Şirvandakı partlayış nəticəsində ilkin olaraq xəstəxanaya 6 nəfər gətirilib. Onların vəziyyəti ağırdır. Yaralıların hamısı yanıq xəsarətləri alıblar.

***

16:32

Müdafiə Sənayesi Nazirliyi Şirvanda baş verən partlayışla bağlı rəsmi açıqlama yayıb.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, iyulun 26-da saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan ”Araz” zavodunda hadisə baş verib.

Baş vermiş hadisə ilə bağlı Müdafiə Sənayesi Nazirliyi tərəfindən rəsmi məlumat veriləcək: "Xahiş edirik, hadisə ilə bağlı məlumat yayarkən MSN-in mətbuat xidməti ilə əlaqə saxlanılsın".


***


Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın Lent.az-a verdiyi məlumata görə, Şirvanda baş verən partlayışla əlaqədar yerli səhiyyə müəsissələrinin işçiləri tam səfərbər olunub. Hadisə zamanı xəsarət alanlara yardım göstərmək üçün Bakıdan 2 həkim briqadası göndərilib. Daha 3 həkim briqadası isə hazırda yoldadır.

***

15:43

Şirvan şəhərində güclü partlayış baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Müdafiə Sənayesi Nazirliyinə aid zavodda qeydə alınıb.

Partlayış nəticəsində yanğın başlayıb.

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə nazirliyin "Araz" zavodunda baş verib. Nazirliyin rəhbər heyəti hadisə ilə əlaqədar Şirvandadır.
Diaspora