Bu gün iqtisadiyyat və sənaye naziri, Azərbaycan hökuməti ilə Monteneqro hökuməti arasında İqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayev Monteneqronun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Branko Miliçi qəbul edib.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ş.Mustafayev səfir təyin olunması münasibətilə diplomatı təbrik edib, Azərbaycandakı fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan və Monteneqro arasında siyasi, iqtisadi, humanitar, enerji, turizm və s. sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi qeyd edilib, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin önəmi vurğulanıb. Bildirilib ki, ölkələrimiz arasında əlaqələrin inkişafında Birgə Komissiyanın fəaliyyəti də əhəmiyyətlidir. Azərbaycan və Monteneqro iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı, humanitar və s. sahələrdə əməkdaşlıq edə, ticarət əlaqələrini daha da genişləndirə bilərlər.Nazir Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı barədə məlumat verib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini diqqətə çatdırıb.
Monteneqro səfiri B.Miliç səmimi qəbul üçün minnətdarlığını bildirib, səfir kimi ölkəmizə təyin olunmasından məmnunluğunu ifadə edib, iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səy göstərəcəyini qeyd edib. Ölkələrimiz arasında əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu vurğulayan diplomat iqtisadi sahədə əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb. Görüşdə Azərbaycan və Monteneqro arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivlərinə, eləcə də Birgə Komissiyanın növbəti iclasının keçirilməsinə dair müzakirələr aparılıb.