"Azmont Investments" Monteneqrodakı 650 mln. avroluq (725,1 mln. dollar) premium klass "Portonovi" kurortu daxilində 113 mülkün satışına başlayıb.
Qaziler.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə "Azmont Investments" şirkətinin Müşahidə Şurasının sədri Ahmet Erentok deyib.Sədr bildirib ki, 2017-ci ilin ikinci yarısında mülklərin satışı başa çatacaq və rezidentlərin istifadəsinə veriləcək. "Bununla da kurortun ilkin fazasının açılışı baş tutacaq".
A. Erentok əlavə edib ki, mülklərin alışı üçün müraciət edənlərin sayı həddən artıq çoxdur.
Qeyd edək ki, E. Erentok eyni zamanda "AtaHolding" ASC-nin Müşahidə Şurasının sədridir.
Bundan öncə xəbər verildiyi kimi, SOCAR 2018-ci ilin əvvəlinə Monteneqroda dəbdəbəli kurortun tikintisini başa çatdıracaq.
2012-ci ildə Monteneqroda keçmiş hərbi obyektin 90 il müddətinə icarəsi üzrə tenderin qalibi "Triangle Investments and Development Limited" şirkəti tərəfindən təmsil olunan SOCAR şirkəti olub. Layihənin Monteneqroda reallaşdırılması məqsədilə Azərbaycan tərəfi "AzMont Investments" MMC təsis edib. Kurort kompleksi Kumbor şəhərində Boko-Kotor körfəzinin sahilində köhnə kazarmaların yerində yerləşəcək. Yeni kompleks imkanlı müştərilər üçün nəzərdə tutulan “One&Only” kurortlar şəbəkəsinə daxil olacaq. Monteneqrodakı otel Avropada bu şəbəkənin ilk layihəsi olacaq.
Kompleksin tikintisi 2017-ci ilin sonu - 2018-ci ilin əvvəlində başa çatacaq.
Bundan başqa, "AzMont İnvestments" layihənin maliyyələşdirilməsini həyata keçirmək üçün Monteneqroda bank açıb.
2015-ci ilin dekabrın 15-də isə "AzMont İnvestments" MMC Azərbaycanda nümayəndəlik açıb. MMC-nin qanuni təmsilçisi Qorxmaz Ağayevdir. Q. Ağayev bundan öncə "Caspian Development Bank" ASC-nin ("CDB Bank") Müşahidə Şurasının üzvü olub.