Belqrad yaxın zamanlarda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə hərbi əməkdaşlığın gücləndirilməsi, eləcə də Alyansla birgə təlimlərin keçirilməsi imkanlarını nəzərdən keçirəcək. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Serbiya Müdafiə naziri Zoran Corceviç söyləyib.
Onun sözlərinə görə, Serbiyanın neytral ölkə olması Belqrada Şərq və Qərbdəki tərəfdaşları ilə münasibətlərin gücləndirilməsinə imkan verir.
Qeyd edək ki, KTMT-yə Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ermənistan və Belarus daxildir.
Hazırda Serbiya hökuməti daha çox qərbyönlü siyasətə üstünlük verir. Rəsmi Belqrad bundan öncə dəfələrlə Avropa Birliyi istiqamətində inteqrasiyanın tərəfdarı olduğunu deyib. Ölkədə Rusiya təsirinin həddən artıq çox olması, üstəlik, Qərbin bəzən ikili siyasəti Serbiya hökumətinin hələlik AB və NATO istiqamətində qəti addımlar atmasına imkan vermir.