Bu gün - 30 iyun Azərbaycanda "sevgi günü"dür. İki gün öncə bu günlə bağlı keçirilən tədbirdə oldum. Təşəbbüsü çox bəyəndim, düzü. Həmin tədbirdə bu qənaətə gəldim ki, əslində biz azərbaycanlılar bu təşəbbüsü həqiqi mənada reallaşdıra bilsək, bu həm də bizim 20 yanvar hadisələrini, ümumiyyətlə Azərbaycanın azadlıq, müstəqillik uğurunda mübarizəsini ölkəmizdən kənarda daha yaxşı tanıtmağımız üçün daha əlverişli vasitə ola bilər.
Bir anlıq təsəvvür edin ki, hər il iyunun 30-u Azərbaycanda sevgi günü qeyd olunur. Və həmin gün ölkəmizdə olan əcnəbilər bu canfəşanlığı, insanlarının bir-birini təbrik etməsini, əllərdəki gül-çiçəyi görüb, yerli sakinlərdən bunun səbəbini soruşurlar. Biz də onlara 20 yanvar şəhidləri İlham və Fərizənin əhvalatını danışırıq. Bu hekayə ilə bərabər onlar yalnız maraqlı bir sevgi, sədaqət hekayəsi yox, həm də Azərbaycanın "qanlı yanvar" tarixini eşitmiş olurlar.Artıq danılmaz faktdır ki, müasir dünya insanı millətlərin faciəsini, qəhrəmanlıq salnaməsini hansısa şablon çıxışlardan, siyasi mətnlərdən yox, məhz həyat hekayələrindən daha asan anlayır, mənimsəyir və hiss edir. Bu baxımdan da İlham və Fərizənin toy gününün (30 iyun 1989-cu il) Azərbaycanda sevgi, sədaqət günü kimi qeyd edilməsi çox əhəmiyyətli olardı.
Məsələnin sadə mahiyyətinə, məğzinə gəlincə: hər kəsin öz yarısına sevgisini, sədaqətini bildirmək üçün daha bir səbəbin, lap elə bəhanənin olmasının nəyi pisdir ki? Məncə, hamılıqla bu günü əbədiləşdirsək, ənənəyə çevirsək bunun bizə hamılıqla birləşib daha bir milli günümüzü yaratmaq baxımından da müsbət təsiri olar, nəinki mənfi. Yenə də qərar vermək əlbəttə ki, hər kəsin öz işidir. Lap elə kimi sevmək və bu sevginin əlamətdar gününü müəyyənləşdirmək, qeyd etmək kimi. Amma hər halda əgər hər hansı bir təşəbbüs insanlara xoş ovqat, sevinc bəxş edir, sevgisinin ümummilli ad gününə çevrilirsə, bu yaxşı gün olsun gərək. Ayrı-ayrılıqda hər kəsə və bütövlükdə məmləkətimizə yaxşı günlərin sayının çox olmasını arzulayıram.
lent.az