UNEC-dən QAZİLER.AZ -a verilən məlumata görə, Yunanıstan Respublikasının Qərbi Makedoniya Texnologiya Təhsil İnstitutu (QMTTİ) və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında “Neft və qazın menecmenti və nəql edilməsi” üzrə birgə magistr proqramına dair imzalanan memorandumun həyata keçirilməsi məqsədilə rəsmi açılış mərasimi keçirilib. QMTTİ-də təşkil olunan mərasimdə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təmsilçisi Samir Vəliyev, UNEC-in rektoru, professor Ədalət Muradov və universitetin əməkdaşları iştirak edib. Mərasimdə QMTTİ-nin rektoru, professor Asimopoulos Nikolaos bildirib ki, proqramın təşkili və həyata keçirilməsi universitetlərimiz arasında akademik və elmi əməkdaşlığı genişləndirməklə yanaşı, həmçinin hər iki ölkə arasında təhsil, elm, mədəniyyət və sosial əlaqələrin gücləndirilməsində vacib əhəmiyyət kəsb edir.
Yunanıstan Respublikasının təhsil nazirinin müavini Theodosis Pelegrinis Cənubi Qafqazın aparıcı ölkəsi olan Azərbaycanda insan resurslarının potensialının nəinki təhsil müəssisələrinin inkişafına, eləcə də hər iki ölkənin faydalanmasına töhfə verəcəyini qeyd edib.Azərbaycan Respublikası Təhsil nazirliyinin təmsilçisi Samir Vəliyev son iki ildə Azərbaycan təhsil sistemində aparılan islahatların verdiyi töhfələrdən danışaraq bildirib ki, Azərbaycan Respublikası Prezidentinin təhsil sahəsinə göstərdiyi qayğı və diqqətin nəticəsində tədrisin və elmin inkişafında əsaslı dəyişikliklərə səbəb olan insan kapitalının formalaşması prosesi sürətlənib. Belə ki, fundamental və sosial-humanitar sahələri də əhatə etməklə xaricdə təhsil təcrübəsi alan gənc professor və müəllim heyətinin təhsil prosesinə cəlb edilməsilə yeni mühitin yaradılmasına nail olunub, yüksək intellektual tələblərə cavab verən ixtisas və proqramlar respublikanın bir çox təhsil müəssisələrində fəaliyyətə başlayıb. Bununla yanaşı, Təhsil Nazirliyinin təşəbbüskarı olduğu SABAH qrupları da müxtəlif ali təhsil müəssisələrində fəaliyyət göstərməkdədir. Yunanıstan Respublikasının QMTTİ və UNEC arasında təşkil edilən bu magistr proqramı hər iki təhsil müəssisəsi arasında inkişaf göstəricisidir.
Rektor, professor Ədalət Muradov çıxışında bildirib ki, Azərbaycan təhsil sistemi və UNEC-in tarixində ilk dəfə olaraq universitetin akademik heyəti Avropa Birliyinin üzvü olan Yunanıstanda “Neft və qazın menecmenti və nəql edilməsi” magistr proqramı üzrə xarici kadrların hazırlığını həyata keçirməkdədir. Rektor qeyd edib ki, 1930-cu ildə əsası qoyulan Azərbaycan Dövlət İqtisad Universiteti Cənubi Qafqaz ölkələrinin ən böyük ali təhsil ocaqlarından biridir. UNEC-də 10 fakültə fəaliyyət göstərir, 21 ixtisas üzrə 18 mindən çox tələbə və magistr təhsil alır. UNEC-də bakalavr, magistr və doktorantura təhsil pillələri üzrə ixtisaslar Azərbaycan, ingilis, rus və türk dillərində tədris edilir. Universitetdə 1000-ə yaxın professor-müəllim heyəti, o çümlədən 80-dən yuxarı elmlər doktoru, professor, 600-ə yaxın elmlər namizədi, fəlsəfə doktoru çalışır. UNEC-də dünyanın 12 ölkəsindən 850-dən çox tələbə və magistr təhsil alır.
Ə.Muradov bildirib ki, QS reytinq agentliyinin 2016-cı il iyunun 14-də açıqladığı sıralamada UNEC regionun 30 ölkəsinin 500-dən çox universiteti arasında ilk dəfə olaraq İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya Universitetlərinin 4-cü universiteti olmaqla, regionun ən yaxşı 200 universiteti arasında qərarlaşıb.
UNEC ilk dəfə olaraq, Avropa Birliyinin üzv ölkəsi olan Yunanıstan Respublikasının Təhsil Nazirliyinin “Akademik ad və məlumatların tanınması üzrə təşkilatı” tərəfindən Yunanıstan ali təhsil müəssisələrinə ekvivalent universitet statusu alıb. Bununla da, UNEC məzunları Yunanıstanda əmək və akademik fəaliyyət göstərdikləri zaman Yunanıstan ali təhsil müəssisələrinin məzunları ilə eyni statusa malik olacaq.
UNEC haqqında:
UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib. Brend təsdiqlənərkən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi xüsusi təsnifatın 41-ci sinfini əsas götürərək – tərbiyə etmə, tədris prosesinin təmin edilməsi, əyləncələr, idman və mədəni-maarif tədbirlərinin təşkili, ikinci isə 42-ci sinif – elmi və texnoloji xidmətlər və onlara aid elmi tədqiqatlar və işləmələr, sənaye analizi və elmi tədqiqatlar üzrə xidmətlər, kompüterlərin texniki və proqram təminatının işlənməsi və təkmilləşdirilməsi əsas götürüb.