Gədəbəy rayonunda selin kəndlərə vurduğu ziyan artıq aradan qaldırılıb. Gədəbəy rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin mühəndisi Babək Hümbətov deyir ki, kəndlərə dəymiş ziyanla bağlı məlumatları aidiyyəti üzrə təhvil veriblər.
"Bir neçə gün öncə sel Gədəbəydə 1000 hektor əkin sahəsinə, kartof sahəsinə ziyan vurub, 70 xırdabuynuzlu, 15 iribuynuzlu mal-qara məhv olub. Rayonda insanlar tərəfindən salınmış 4-ə yaxın körpü zədələnib. Yollarda sürüşmə qeydə alınıb, 200 metrlik asfalt örtüyünə ziyan dəyib. Yollara dəymiş ziyanla bağlı akt tərtib olunacaq və "Azəravtoyol" ASC-yə təqdim olunacaq. Hazırda bütün kəndlərdə gediş-gəliş bərpa olunub", - deyə icra nümayəndəsi bildirib.İyunun 17-də yağan güclü leysan yağışları nəticəsində əmələ gələn sel Gədəbəy rayonunda insan ölümünə səbəb olub. 32 yaşlı Gədəbəy sakini Osman Rzayev meşədən qayıdarkən çaya yıxılıb və sel onu aparıb.
Gecə saatlarında kənd sakinləri onun meyitini hadisə yerindən 3 km aralıda aşkar ediblər.
Ümumilikdə isə sel və daşqın əraziyə ciddi ziyan vurub.
Sel eyni zamanda Tovuzun bir neçə kəndini də bərbad vəziyyətə salıb. Tovuz Fövqəladə Hallar Komissiyasının sədri Mahir Həsənov açıqlamasında selin Tovuz rayonunun bütün dağ kəndlərini bərbad vəziyyətə qoyduğunu deyib. Daşqınlar hətta Günəbaxan kəndində bir sakinin evini də aparıb.