Azərbaycan Qazaxıstanda keçiriləcək “Mərkəzi Asiyada neft emalı və neft-kimya” II beynəlxalq konfransında iştirak edəcək. “APA-Economics” Qazaxıstanın “oilnews.kz” saytına istinadən xəbər verir ki, iyunun 17-18-də keçiriləcək konfransda Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistandan olan nümayəndə heyəti iştirak edəcək.
Konfransda “Azərbaycan, Qazaxıstan və Türkmənistanda neft-kimya komplekslərinin inşası”, “Modernləşdirmə templəri və neft emalı gücünün artırılması”, “Mərkəzi Asiya ölkələrinin iqtisadi sahələrinin xammalla təminatı və təchizat sistemlərinin optimallaşdırılması”, “Qazaxıstanda 4-cü neft emalı zavodunun inşası”, “İstehsalda ekoloji təhlükəsizlik”, “Avtomatlaşdırma və enerji səmərəliliyi hesabına əməliyyat xərclərinin azaldılması” məsələləri müzakirə olunacaq.Qeyd edək ki, konfransda Azərbaycan tərəfdən SOCAR və “Azərkimya” İstehsalat Birliyi təmsil olunacaq.