Azərbaycan-Rusiya sərhədində yeni körpü tikiləcək

Azərbaycan-Rusiya sərhədində yeni körpü tikiləcək backend

Azərbaycan-Rusiya sərhədində yerləşən Samur çayı üzərindəki eyniadlı körpü yenidən inşa ediləcək. Artıq Rusiya və Azərbaycan hökuməti arasında bu strateji əhəmiyyətli körpünün ərazisində yeni körpünün inşa edilməsi üçün razılıq əldə edilib və hazırlıq işlərinə start verilib.

Rusiya nəqliyyat nazirinin müavini Sergey Aristov mətbuata açıqlamasında Samur körpüsünün qəzalı olmasını təsdiqləyərək 2017-ci ildə yeni körpünün inşasına başlanılacağını deyib. Azərbaycanın "Hidro trans proyekt" elmi tədqiqat müəssisəsi yeni körpünün layihəsini hazırlayıb və hər 2 tərəf layihənin ekspertizası üzərində işləyir.

Ekspertiza başa çatdıqdan sonra tikintiyə başlanılacaq. Yeni körpünün 325 m uzunluğunda olacağı nəzərdə tutulub.

Adıçəkilən körpünün yenilənməsinə ciddi ehtiyac var. Düzdür, Azərbaycan tərəfi bu körpünü 2 il əvvəl təmir edib, çürümüş taxta hissələri dəmirlə əvəz olunub. Amma buna baxmayaraq bu ərazidəki avtomobillərin, ümumiyyətlə nəqliyyat vasitələrinin normal hərəkəti üçün yeni körpünün inşa edilməsinə ehtiyac duyulur.

1953-cü ildə inşa edilmiş, uzunluğu 205 metr olan körpünün indi standartlara cavab verməməsi müntəzəm olaraq bu yoldan istifadə edən beynəlxalq yük daşıma ilə məşğul olan sürücüləri də narahat edir.

Onların sözlərinə görə, gedib-gəlmək çətindir, konstruksiya köhnədir.
Diaspora