Qanaxma baş verdiyi zaman onun növündən asılı olaraq həkimə qədər ilk tibbi yardım göstərməyi bilmək lazımdır. Xüsusən də yay aylarında, uşaqların ən çox qaçıb- oynadıqları, ağaclara çıxdıqları zaman bunları bilmək zəruridir. Aile.lent.az immunitet.az-a istinadən qanaxmalar zamanı ilk olaraq hansı tibbi yardımın göstərilməli olduğunu diqqətinizə çatdırır.
Qanaxma baş verən zaman həkim çağırmaqla yanaşı, həkim gələnə qədər qanaxmanı müvəqqəti dayandırmaq lazımdır. Qanaxmanı dayandırmaq onun növündən asılıdır. Hadisə baş verən zaman ilk tibbi yardım göstərərkən, əldə olan vasitələrdən istifadə edərək qanaxmanı müvəqqəti və ya tamamilə dayandırmaq olar.
Xarici arterial qanaxmanı dayandırmaq üçün qan damarını sümüyə barmaqla sıxmaq, turna və ya burmac qoymaq, qol və ya qıçı oynaqda sonadək büküb və ya açıb bu vəziyyətdə bərkitməkdən ibarətdir.
Xarici venoz və kapilyar qanaxmalar, yaraya sıxıcı steril sarğı qoymaq və bədənin yaralı yerini gövdəyə nisbətən daha hündürdə saxlamaqla dayandırır. Bir sıra hallarda venoz və kapilyar qanaxmaların müvəqqəti dayandırılması bu qanaxmaların tamamilə dayandırılması halına keçə bilər. Arterial qanaxmanın, bəzi hallarda isə venoz qanaxmanın dayandırılması cərrahiyyə əməliyyatı zamanı yerinə yetirilir.
Damarı barmaqla sıxıb arterial qanaxmanı dayandırdıqdan sonra bütün mümkün olan hallarda dərhal turna və ya burmaq qoyulur.
Turna qoyulan zaman onun qoyulduğu saatı, dəqiqəni yazıb üstünə qoymaq lazımdır. Turna qoyulan yer isti örtüklə örtüb və turna qoyulmuş yaraya ağrıkəsici vurmaq lazımdır. Turnanı 1,5-2 saatdan artıq saxlamaq olmaz. Yaraya cərrahiyyə əməliyyatı göstərilənədək turnanı hər saatdan bir boşaldıb, hər dəfə bunu kağızda qeyd eləmək lazımdır.