Qazaxıstanda bir qrup yüksək vəzifəli məmur və hərbçi hakimiyyəti ələ keçirmək cəhdində şübhəli bilinərək saxlanılıb. QAZİLER.AZ-ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin məlumatında deyilir.
Şübhəli şəxslər arasında Qazaxıstan baş prokurorunun keçmiş birinci müavini, Konstitusiya Şurasının keçmiş üzvü, ikinci dərəcəli dövlət ədliyyə müşaviri İlyas Baxtıbayev və Cənubi Qazaxıstan vilayətinin daxili işlər departamentinin keçmiş rəisi general-mayor Doskaliyevin adı var.
Saxlanılan şəxslər istintaq təcridxanasına salınıb. Araşdırma davam etdirilir.
Bu arada məlum olub ki, ötən gün Qazaxıstanın Aktobe şəhərində baş vermiş terror aktı zamanı ölənlərin sayı 17 nəfərə çatıb. Daxili İşlər Nazirliyinin dövlət dili və informasiya departamentinin direktoru Almas Sadubayevin məlumata görə, onlardan üçü yerli sakin, üçü hərbçi, 11 nəfər isə ekstremistdir.
O bildirib ki, ekstremistlər əvvəlcə silah mağazasına hücum ediblər. Onlar satıcını öldürüb, mühafizə xidməti əməkdaşının birini güllələyib, digərini isə yaralayıblar. Sonra 3 polis əməkdaşı yaralanıb. Mağazaya hücum edənlər 17 odlu silah, 3 qaz tapançası, güllə və bıçaqlar götürüblər. Bundan sonra ekstremistlərin bir hissəsi digər silah mağazasına hücum edib. Hücum zamanı müştərilərdən biri öldürülüb. Digər ekstremistlər ələ keçirdikləri avtobusla hərbi hissənin darvazasını qırıblar. Sonra orada Milli Qvardiyanın döyüşçüləri ilə döyüş olub. Atışma zamanı 3 hərbçi ölüb.