BVF Azərbaycanın manatın makroiqtisadi mühitə uyğunlaşdırılması üzrə addımlarını dəstəkləyir

BVF Azərbaycanın manatın makroiqtisadi mühitə uyğunlaşdırılması üzrə addımlarını dəstəkləyir backend

Qazaxıstanın paytaxtı Astana şəhərində öz işinə başlayan IX Astana İqtisadi Forumunun işinə qatılan Azərbaycanın maliyyə naziri Samir Şərifov forum çərçivəsində Cənubi Qafqaz, Mərkəzi Asiya və digər dövlətlərin iştirakı ilə təşkil olunan regional iqtisadi "dəyirmi masa"da iştirak edib.

Qaziler.az bildirir ki, Maliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qazaxıstanın Baş naziri Kərim Məsimov və Beynəlxalq Valyuta Fondunun (BVF) baş sərəncamçı direktoru xanım K.Laqardın sədriliyi ilə keçirilən konfransda region ölkələrinin üzləşdiyi qlobal maliyyə böhranının yeni dalğasının fəsadları nəzərdən keçirilib, yaranmış çağırışlar ətrafında müzakirələr aparılıb.

Müzakirələrdə iştirak edən S.Şərifov Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında xarici iqtisadi şokların ölkənin makroiqtisadi vəziyyətinə mənfi təsirlərini yumşaltmaq məqsədilə görülən tədbirlər, eləcə də həyata keçirilən iqtisadi islahatlar haqqında geniş məlumat verib.

Konfrans çərçivəsində S.Şərifov BVF-nin baş sərəncamçı direktoru xanım Kristin Laqard ilə görüş keçirib. Görüş zamanı Azərbaycanın makroiqtisadi vəziyyətinin tarazlaşdırılması, neftin qiymətinin azalması şəraitində qonşu dövlətlərdə aparılmış kəskin devalvasiya tədbirləri ilə bağlı olaraq yerli istehsalçıların maraqlarının, habelə ölkənin valyuta ehtiyatlarının qorunması məqsədilə milli valyutanın məzənnəsinin dəyişmiş makroiqtisadi mühitə uyğunlaşdırılması istiqamətində Azərbaycan tərəfindən atılmış addımlar BVF tərəfindən dəstəklənib.

Eyni zamanda BVF ilə Azərbaycan hökuməti arasında IV Maddə üzrə məsləhətləşmələr missiyasının hazırda Azərbaycanla texniki əməkdaşlıq sahəsində mövcud əlaqələri müzakirə etdiyi qeyd olunub və bu əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb, aparılan iqtisadi islahatlarda BVF tərəfindən müvafiq ekspertlərin iştirakı və lazımi texniki dəstəyin göstərilməsinə qarşılıqlı maraq ifadə olunub.
Diaspora