Prezident: “Ermənistan Azərbaycan əhalisinə qarşı kimyəvi silahdan istifadə edib”

Prezident: “Ermənistan Azərbaycan əhalisinə qarşı kimyəvi silahdan istifadə edib” backend

“Azərbaycan Dünya Humanitar Sammitinin nəticələrinin dünyada yaşayan insanların yaşayış standartlarının inkişafına təsir edəcəyinə inanır”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev İstanbulda keçirilən Dünya Humanitar Sammitində çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan da vaxtilə qaçqın və məcburi köçkün problemi ilə üzləşib. Azərbaycan prezidentinin sözlərinə görə, Ermənistanın həyata keçirdiyi hərbi işğal və təcavüz nəticəsində 20 ildən artıqdır Azərbaycanın 20 faiz ərazisi işğal altındadır: “Azərbaycanın 1 milyondan artıq əhalisi qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan Azərbaycana qarşı etnik təmizləmə həyata keçirib, əhaliyə qarşı soyqırımı törədib. Ermənistan Silahlı bölmələrinin 1992-ci il 26 fevral tarixində törətdiyi Xocalı soyqırımı dünyanın 10-dan çox ölkəsi tərəfindən tanınıb”.

Azərbaycan prezidenti bildirib ki, Ermənistan silahlı qüvvələri bu il aprelin əvvəlində yenidən Azərbaycanın dinc əhalisinə qarşı yeni hücumlar təşkil edib: “Ermənistanın aprel hücumu zamanı Azərbaycanın əsgər və zabitləri, o cümlədən 6 dinc sakini ölüb, 30-a yaxın sakin yaralanıb. Həmin vaxt Ermənistan silahlı birləşmələri Azərbaycan əhalisinə qarşı qadağan olunmuş kimyəvi silah olan fosforlu bombadan istifadə edib. Azərbaycan silahlı qüvvələri dinc əhalisini qorumaq məqsədi ilə Ermənistan birləşmələrinə layiqli cavab verib və bundan sonra hücumlar dayanıb. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf 7 rayonunu işğal altında saxlayır. Bu ölkə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirmir”.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
Diaspora