Astaralı şəhid gizir Pəncəli Teymurovun təltif olunduğu medal atasına təqdim edilib.
Milli Ordumuzun şəhid giziri Pəncəli Nurməmməd oğlu Teymurov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, Astara rayonunun Əzərüd kəndində dəfn edilən şəhidin 40 mərasimində onun təltif olunduğu medal atasına təqdim olunub.
Mayın 19-da rayonun rəhbər işçiləri, şəhid gizirin xidmət etdiyi hərbi hissənin zabitləri, ictimaiyyətin nümayəndələri, kənd sakinləri Pəncəli Teymurovun məzarını ziyarət ediblər. Burada igid döyüşçünün ruhuna dualar oxunulub.
Mərasimdə çıxış edənlər Vətən torpağı uğrunda canından keçən şəhid gizirin qəhrəmanlığından, yurd sevgisindən danışıblar. Çıxışlarda düşmən tapdağı altında olan Azərbaycan torpaqlarının Silahlı Qüvvələrimiz tərəfindən tezliklə düşmən işğalından azad olunacağına əminlik ifadə edilib.
Pəncəli Teymurovun doğmaları qəhrəman döyüşçünün iki il əvvəl öz toyunda dediyi sözləri bir daha yada salıblar: “Hər zaman xalqım üçün, Vətənim üçün, torpağım üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə arzu etmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycanın üçrəngli ay-ulduzlu bayrağına bükülsün...”.
Şəhidin anası Vahimə Ağayeva oğlunun qanının yerdə qalmayacağını deyib: “Mən 5 oğul böyütmüşəm. Biri Vətənə qurban gedib, dördü sağdır. Onlar bu qanı yerdə qoymazlar...”
Qeyd edək ki, 1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olan Pəncəli Teymurov 1999-cu ildə Astara Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini davam etdirib. Yüksək bacarıq və peşəkarlığı, nümunəvi xidməti nəzərə alınaraq, Azərbaycan Prezidentinin 2015-ci il 24 iyun tarixli Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub.
Aprelin əvvəllərində cəbhənin Talış kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin giziri Pəncəli Teymurov doğulduğu Astara rayonunun Əzərüd kəndində dəfn edilib.