TAP-ın təməlqoyma mərasimi keçirilir

TAP-ın təməlqoyma mərasimi keçirilir backend

Yunanıstanın Soloniki şəhərində Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) təməlqoyma mərasiminin rəsmi açılışı keçirilir. "APA-Economics"in məlumatına görə, mərasimdə Yunanıstanın baş naziri Aleksis Tsipras çıxış edir. Baş nazir qeyd edib ki, TAP-ın tikintisi Yunanıstan və region iqtisadiyyatı üçün həlledici məqamda aparılır. A. Tsiprasın sözlərinə görə, Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP regional əməkdaşlığı tərənnüm edir: "Layihənin olduqca böyük geostrateji və iqtisadi əhəmiyyət var. Hər il TAP vasitəsilə 10 milyard kubmetr qaz nəql olunacaq. Lakin gələcəkdə kəmərin ötürücülük qabiliyyəti 20 milyard kubmetri ötə bilər. Tikinti işlərinə 8 000 insan cəlb olunacaq ki, bu da olduqca əhəmiyyətlidir. Yunan şirkətlərinin layihəyə cəlb olunması bizim üçün olduqca vacibdir".


Qeyd edək ki, təməlqoyma mərasimində Azərbaycandan olan nümayəndə heyətinə baş nazirin birinci müavini Yaqub Eyyubov rəhbərlik edir. Y. Eyyubovla yanaşı energetika naziri Natiq Əliyev və SOCAR-ın prezidenti Rövnəq Abdullayev də iştirak edir.

Mərasimdə həmçinin Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçoviç, ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə xüsusi elçisi Amos Hokstayn, İtaliyanın dövlət naziri Klaudio de Vintsenti, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və layihənin iştirakçısı olan ölkələrin energetika nazirləri iştirak ediblər.

Qeyd edək ki, TAP "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Azərbaycan qazının bu kəmərlə nəqlinə 2019-cu ilin sonunda başlanması gözlənilir.

Xatırladaq ki, TAP-ın səhmdarları SOCAR (20%), BP (20%), “Snam” (20%), “Fluxys” (16%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir. Kəmərin uzunluğu 878 km-dir.
Diaspora