Martın 31-i mənfəət, gəlir, əmlak və yol vergisi üzrə bəyannamələrin vergi orqanlarına təqdim edilməsinin son müddətidir. Vergilər Nazirliyindən Lent.az-a verilən məlumata görə, ötən ilin yekunlarına görə gəlir vergisinin ödəyiciləri olan rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisi bəyannaməsini, mənfəət vergisinin ödəyiciləri olan rezident və qeyri-rezident hüquqi şəxslər isə mənfəət vergisinin bəyannaməsini cari ilin mart ayının 31-dək vergi orqanına təqdim etməyə və hesablanmış vergiləri tam həcmdə dövlət büdcəsinə ödəməyə borcludurlar.
Əmlak vergisinin ödəyicisi olan müəssisələr əmlak vergisinin bəyannaməsini, Azərbaycan ərazisində 2014-cü ilin sonu vəziyyətinə mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan hüquqi şəxslər isə yol vergisinin bəyannaməsini vergi orqanına təqdim etməyə, hesablanmış vergiləri tam həcmdə dövlət büdcəsinə ödəməyə borcludurlar.Vergilər Nazirliyi bildirir ki, Vergi Məcəlləsinin 57-ci, 58-ci və 59-cu maddələrinə əsasən vergi hesabatını və vergi öhdəliyinin yaranmaması barədə arayışı müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Büdcəyə çatası vergi məbləğini hesabatı təqdim etməməklə yayındırdıqda isə vergi ödəyicisinə yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Vergilər qanunla müəyyən edilmiş müddətdə ödənilmədikdə, bir ildən çox olmamaqla ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi miqdarında faiz tutulur.