Gədəbəy rayonuna qar yağıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, qərb bölgəsində əsən güclü küləkdən sonra dünən gecə saatlarından başlayaraq rayona qar yağmağa başlayıb. Səhər saatlarına kimi davam edən yağıntı nəticəsində Gədəbəy şəhərində 5 sm, kəndlərdə isə 10 sm qalınlığında qar yağıb. Rayon sakinləri yağıntının əkin-biçinə, heyvandarlığa çox xeyir verəcəyini deyiblər.
"Ötən gecə külək əsdi, sonra qar yağdı. Təsərrüfatlara çox xeyri var qarın, yəqin ki, ruzi bu il bol olacaq"."Qarın ota çox xeyri var. Ot yaxşı qalxacaq. Mal-heyvan doyacaq".
Rayon sakinləri bildirib ki, rayona yazda qarın yağması onları heç də qorxutmur. Əksinə, bu qarın torpağa xeyirli olduğunu bildirirlər.
"Heç bir ziyanı yoxdur. Torpağın gücünü artırır. Don olmayandan sonra heç bir şey edə bilməz".
Qarın yağması xüsusi ilə uşaqların sevincinə səbəb olub.
"Səhər qalxdıq ki qar yağıb, uşaqlar sevindilər, qartopu oynadılar. Təsərrüfata da xeyri var. Kartoflar sulandı".
Gədəbəy rayon İcra Hakimiyyəti aparatından bildiriblər ki, qar enerji təchizatında və avtomobillərin hərəkətində heç bir çətinlik yaratmayıb. Torpağın temperaturu yüksək olduğuna görə, qar tədricən əriməyə başlayıb.