Özbəkistan, Azərbaycan və Gürcüstan dəmir yollarında bu dövlətlərin nümayəndəlikləri açıla bilər

Özbəkistan, Azərbaycan və Gürcüstan dəmir yollarında bu dövlətlərin nümayəndəlikləri açıla bilər backend

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan, Özbəkistan və Gürcüstan dəmir yolları rəhbərləri arasında üçtərəfli görüş keçirilib. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Görüşdə dəmir yolu sahəsinin inkişaf etdirilməsi, həmin dövlətlərin ərazisindən daşınan tranzit yüklərin həcminin artırılması, Traseka, Bakı-Tbilisi-Qars, eləcə də digər əhəmiyyətli beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi sahəsində əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Azərbaycan və Gürcüstan dəmir yollarının rəhbərləri yeni elektrikləşdirilmiş «Anqren-Pap» dəmir yolunun tikintisini dəstəklədiklərinin bildiriblər. Qeyd olunub ki, bu dəhliz yeni Çin-Qırğızıstan-Özbəkistan beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olmaqla, Azərbaycan və Gürcüstan ərazisindən keçməklə yüklərin Qara dəniz limanlarına çıxarılmasını təmin edəcəkdir.

Tədbirdə, həmçinin daşıma prosesində yaranan məsələlərin operativ surətdə həll edilməsi məqsədilə Özbəkistan, Azərbaycan və Gürcüstan dəmir yollarında bu dövlətlərin nümayəndəliklərinin açılması məsələsinə baxılması üzrə razılıq əldə edilib.
Diaspora