Tərtərin mərkəzindən Şıxarxa gedən avtomobillərin rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün tədbirlər görülür.
Cəbhə kəndinə aparan yol yenidən qurulur.Axar.az Kəpəz TV-yə istinadən xəbər verir ki, Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinin 58 saylı Xocalı Yol İstismar İdarəsinin kollektivi Tərtər-Kəlbəcər avtomobil yolunun Şıxarx kəndi ərazisində keçən hissəsinin əsaslını təmirini davam etdirir.
Artıq yolun 1,5 kilometri müasir tələblər səviyyəsində yenidən qurularaq istifadəyə verilib. Tərtər-Kəlbəcər avtomobil yolunun bu hissəsi kəndlə Tərtər rayonunun mərkəzini birləşdirir.
“Bizim gələcək perspektiv planlarımızda Goranboy-Ağcakənd istiqamətində yarımçıq qalan 8 kilometr hissənin təmirinə başlanacaq. Allah qismət etsin, biz bu yolumuzu Kəlbəcərə qədər çəkək. Xalqımız da bu yoldan rahatlıqla istifadə etsin”, - 58 saylı Xocalı Yol İstismar İdarəsinin rəisi Məzahir Səlimov deyib.
Təmir işləri zamanı yolun üzərində olan su keçidləri yenilənib. Əsaslı təmir işlərini qısa vaxt ərzində başa çatdırmaq üçün kifayət qədər işçi qüvvəsi və texnika ayrılıb. Asfalt işləri yekunlaşdıqdan sonra yol nişanları quraşdırılacaq, piyada keçidləri üçün zolaqlar salınacaq.