Azərbaycan prezidenti İlham Əliyev “Yol hərəkəti haqqında” qanunun tətbiq edilməsi barədə” 1998-ci il 22 noyabr tarixli 24 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, dəyişikliyə əsasən bundan sonra avtomobil yollarında təhkim zolağında nəqliyyat vasitələrinin durması və yuyulması üçün meydançaların, xidmət obyektlərinin, köşklərin, pavilyonların, digər qurğuların yerləşdirilməsi və ticarət aparılması, avtomobil yollarının tikintisi, saxlanılması, təmiri və yenidən qurulması ilə bağlı olmayan işlərin görülməsi, müvafiq icra hakimiyyəti orqanının xidməti tikililəri və qurğuları istisna olmaqla, avtomobil yollarının tikintisi, saxlanılması, təmiri, yenidən qurulması üçün nəzərdə tutulmayan bina və qurğuların yerləşdirilməsi Nəqliyyat Nazirliyi ilə bərabər Daxili İşlər Nazirliyi ilə razılaşdırılmalıdır.“Yol hərəkəti haqqında” qanuna əsasən örtüyü təkmilləşdirilmiş yollarda avtomobil yollarını korlayan konstruksiya elementləri olan, tırtıllı, yaxud metal tikanlı şinləri olan nəqliyyat vasitələrinin hərəkəti (dolayı yollar olmadıqda, onların körpülərdən, bəndlərdən, bataqlıq yerlərdən keçən yol sahələrindən hərəkəti, yol örtüklərinin zədələnməməsi şərti ilə, yollara xidmət edən yol təsərrüfatı müəssisələrinin yazılı icazəsi ilə həyata keçirilə bilər), həmçinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən karxana avtomobillərinə aid edilmiş avtonəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə yüklə hərəkəti qadağandır. Fərmana edilən dəyişikliyə əsasən bu sahədə nəzarəti Nəqliyyat Nazirliyi həyata keçirəcək.
Dövlət başçısının “Avtomobil nəqliyyatı haqqında” qanunun tətbiq edilməsi barədə” 2008-ci il 4 iyul tarixli 792 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərmanına əsasən isə Daxili İşlər Nazirliyinə daha bir səlahiyyət verilib. Bundan əvvəl avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycanın normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarət Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilib. Dəyişikliyə əsasən bu sahədə nəzarət artıq Daxili İşlər Nazirliyi və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçiriləcək.