AĞCABƏDİ - Cəbhə xəttində gedən döyüşlərdə şəhid olan Dilsuz Məmmədağa oğlu Qarayev bu gün dəfn olunub. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Ağcabədi rayonunun Hindarx qəsəbə sakini olan 1990-cı il təvəllüdlü gizir Dilsuz Qarayevin cənazəsi ötən gecə yaşadığı evə gətirilib.
Bu gün Hindarx kənd qəbiristanlığında dəfn mərasimi keçirilib. Mərasimdə Ağcabədi rayon İcra Hakimiyyətinin rəsmləri, şəhidin hərbçi yoldaşları, kənd sakinləri iştirak edib. Dilsuz Qarayevin tabutuna çəkilən döyüş bayrağı şəhidin qardaşı Pərviz Qarayevə təqdim olunub.
Yaylım atəşi açılıb, şəhid torpağa tapşırılıb.
NEFTÇALA - Qoşunların təmas xəttində düşmənlə döyüşlərdə həlak olmuş müddətdən artıq hərbi xidmətdə olan qulluqçu, 22 yaşlı əsgər Elmidar Səlimxan oğlu Səfərov anadan olduğu Neftçala rayonunda dəfn edilib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, şəhid doğulduğu Aşağı Qaramanlı kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər iştirak edib.
XIZI - Aprelin 2-dən 3-nə keçən gecə düşmənin hücumunun qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun giziri, 1986-cı il təvəllüdlü Novruzov Ravil Elman oğlu dəfn edilib.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, şəhid Xızı rayonunun Giləzi qəsəbəsində torpağa tapşırılıb.
Dəfn mərasimində rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri, hərbçinin xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, kənd sakinləri iştirak ediblər.
Şəhid yaylım atəşindən sonra torpağa tapşırılıb, Azərbaycanın bayrağı onun atasına təqdim edilib.
GÖYGÖL - Qoşunların təmas xəttində ermənilərin hücumunun qarşısını alarkən həlak olan Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Sərxan Bağırov dəfn olunub.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, şəhid doğulduğu Göygöl rayonun Alıməmmədli kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, kənd sakinləri, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, şəhidin hərbçi yoldaşları iştirak edib. Çıxış edənlər Sərxanın döyüş yoluna nəzər salaraq onun qorxmaz hərbçi olduğunu, düşmənə layiqli cavab verdiyini bildiriblər.
Azərbaycan himni səsləndirilib, yaylım atəşindən sonra şəhid dəfn edilib.
YARDIMLI - Aprelin 2-dən 3-nə keçən gecə cəbhə bölgəsində baş vermiş döyüşlərdə Azərbaycan Ordusunun şəhid olmuş əsgəri 1996-cı il təvəllüdlü Nurəddin Etimad oğlu Mirzəyev bu gün doğulduğu Yardımlı rayonunun Onuba kəndində dəfn edilib.
APA TV-nin cənub bürosunun məlumatına görə, dəfn mərasimində Yardımlı rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri, onun xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, kənd sakinləri iştirak ediblər.
Şəhid yayılım atəşindən sonra torpağa tapşırılıb, Azərbaycanın bayrağı onun atasına təqdim edilib.