Rusiyalı turistlər Bakıya axışır-FOTOLAR

Rusiyalı turistlər Bakıya axışır-FOTOLAR backend

“Bakıya ilk dəfədir ki, gəlirəm. Hələ şəhərinizin bütün görməli yerləri ilə tanış olmaq imkanım olmayıb. Amma İçərişəhəri gəzdim və çox xoşuma gəldi. Paytaxtın mərkəzində kitablarda oxuduğum qədim Şərq ab-havasını, tarixini yaşadırsınız”. Bunu virtualaz.org saytına ailəsi ilə Moskvadan təşrif buyurmuş Aleksandr deyir. Bakının tarixi yerləri ilə yanaşı qonaqpərvərliyi, dənizi və gözəl havasına vurulduğunu deyən turistin sözlərinə görə, bura yenə də gəlməyi düşünür.

Ekspertlərin son bir neçə ay ərzində Rusiya-Türkiyə və Rusiya-Misir münasibətlərinin gərginləşməsi, o cümlədən Türkiyənin turistlərin sıx olduğu böyük şəhərlərində baş verən partlayışlar səbəbindən Rusiyadan bu ölkələrə gedən turistlərin sayını azalacağı ilə bağlı proqnozları özünü doğruldur. Artıq Azərbaycanda dəniz mövsümü başlamamış qonşu dövlətlərdən, xüsusən də, İran və Rusiyadan gələn turistlərin sayında artım müşahidə olunur. Yəni, belə demək olarsa, Türkiyənin rus və avropalı turistlər üçün “təhlükəli ölkə”yə çevrilməsi Azərbaycan, Gürcüstan və digər dövlətlər üçün turizm imkanları açıb. Paytaxtın əsas turist məntəqələrində xeyli yapon və koreyalı turistə də rast gəldik.



Rusiyanın turizm mütəxəssisləri yay mövsümündə Azərbaycana edilən turist səfərlərinin 50% artacağını bildirirlər. Həmçinin yanvar-aprel aylarında Bakı və Tbilisi istiqamətində satılan biletlərin sayının ötən ilin analoji dövrü ilə müqayisədə 3 dəfə artdığı deyilir. Hazırda rus turistlər üçün ən populyar turizm marşrutları Bişkek, Tbilisi və Bakı hesab olunur.



Azərbaycana gələn turistlərin sayının artmasını turizm agentlikləri də təsdiqləyirlər. “Qlobus” turizm şirkətindən virtualaz.org saytına verilən məlumata görə, Azərbaycana gələn rus turistlər sayına görə iranlılardan sonra ikinci yerdədir: “Mart ayı ərzində Azərbaycana gələn turistlərin sayı artıb. Rusiyadan Azərbaycana bizim şirkət vasitəsilə təxminən 25-ə yaxın turist gəlib. Bu ötən illərlə müqayisədə xeyli çoxdur”.

Ötən illərlə müqayisədə qiymətlərin artdığını deyən şirkət nümayəndəsinin sözlərinə görə, turistləri cəlb etmək üçün endirimlər edilir.



Rus turistlərin maraqlandığı regional marşrutlar isə daha çox Quba, İsmayıllı, Qəbələ rayonları ilə bağlıdır.

“İmprotex travel” şirkətinin meneceri Rafiz Əliyevin virtualaz.org-a bildirdiyinə görə, daha çox iyun və iyul aylarında sifarişlərin sayında artım var. Şirkət rəsmisinin sözlərinə görə, bu daha çox dəniz mövsümü ilə əlaqədardır: “Ötən illərlə müqayisədə rus turistlərdən gələn sifarişlərin sayında artım müşahidə olunur. Turistlər daha çox Bakı şəhəri, Bakıərtafı qəsəbələr, o cümlədən, Abşeron, Atəşgah, Yanardağ və Qobustanla maraqlanırlar”.

“Rosturizm”in açıqladığı rəqəmlərə görə, orta hesabla, hər il Rusiyadan Türkiyəyə 4 milyondan çox turist gedir. Sözsüz ki, ekspertlər bu turistlərin hamısının Azərbaycana cəlb etməyin mümkün olmadığını bildirirlər. Buna ölkəmizin mövcud turizm potensialı da imkan vermir. Amma həmin turistlərin müəyyən hissəsini cəlb etmək mümkündür. Mütəxəssislər hesab edirlər ki, qonşu ölkələrin turizmi ilə rəqabət apara bilmək üçün qiymətlərin endirilməsinə ehtiyac var. Həm də burada qiymətdən başqa, keyfiyyət faktoru da rol oynayır. Yəni Azərbaycan bunun üçün Türkiyədən nümunə götürərək xidmət səviyyəsini qaldırmalı və endirimli paketlər təklif etməlidir.

Virtualaz.org
Diaspora