Bakı qəsəbələrində 100-dən çox yeni iş yeri açıla bilər

Bakı qəsəbələrində 100-dən çox yeni iş yeri açıla bilər backend

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. Martın 29-da bu istiqamətdə növbəti tədbir – Xəzər rayonunun Zirə qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib.

Nazirliyin mətbuat xidmətindən QAZİLER.AZ-a verilən məlumata görə, tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, Xəzər rayonunda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunu b , sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılıb, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilib.

70-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Xəzər rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan istixana, zeytunçuluq və üzümçülük təsərrüfatlarının, ət kəsimi, üzlük daşların və plastik qabların istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1200-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 307 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodlarının, istixana, quşçuluq təsərrüfatlarının, logistik mərkəzlərin, ət emalı, metal konstruksiya, neft-kimya sənayesi avadanlıqları, mebel və digər sənaye müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib, 9000-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

İşgüzar forumda Bakı qəsəbələrində fəaliyyət göstərən 18 sahibkara 3,2 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən heyvandarlıq, quşçuluq, tərəvəzçilik, tikinti materiallarının istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 100-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində Xəzər rayonunun Zirə qəsəbəsində güzəştli kredit ayrılmış zeytunçuluq təsərrüfatına və ildə 4 min ton tərəvəz məhsulları istehsal edə biləcək müasir istixana kompleksinə baxış keçirilib. Ümumilikdə Bakı şəhərinin qəsəbələrində 109,8 ha ərazidə illik istehsal gücü 36,2 min ton tərəvəz məhsulları, 8 milyon ədəd dekorativ bitkilər, 10,6 milyon ədəd tərəvəz ştilləri olan 25 müasir istixana kompleksinin yaradılmasına 77,8 milyon manat dövlətin güzəştli kreditləri verilib.
Diaspora