Dünya birjalarında neftin qiyməti kəskin şəkildə bahalaşıb. APA TV-nin məlumatına görə, həftənin ilk seanslarında "Brent" markalı neftin qiyməti 41,48 dollar təşkil edib. Bu, həftəsonu qiymətlərdən 1,2 dollar bahadır.
Qərbi Texas neftinin qiyməti də müəyyən fasilədən sonra yenidən 40 dollara yaxınlaşmaqdadır. WTI neftinin bir bareli hazırda 39,91 dollardan satılır. Neftin bahalaşmasına təsir göstərən əsas amillərdən biri dünyanın bir çox birjalarının Pasxa bayramı ilə əlaqədar işləməməsidir. Alqı-satqı əməliyyatlarında yaranan fasilə qiymətlərin artmasına psixoloji təsir göstərib. Ekspertlər bu həftə neftin qiymətinin nisbətən bahalaşacağını proqnozlaşdırır. Sabah ABŞ Federal Ehtiyat Sisteminin rəhbəri Canet Yellenin Nyu-York İqtisadiyyat Klubunda çıxışı olacaq və dolların uçot dərəcəsi ilə bağlı verəcəyi açıqlamaların neftin qiymətinə təsir göstərəcəyi gözlənilir.Bundan başqa sabah axşam saatlarında ABŞ-da neft ehtiyatlarının həcmi də açıqlanacaq. Treyderlər 3 həftə sonra Qətərdə keçiriləcək OPEK və kartel üzvü olmayan ölkələrin birgə görüşünə qədər qiymətlərin mərhələli şəkildə artacağını ehtimal edirlər.
Görüşdə razılaşma əldə olunarsa, "Brent" neftinin bir barelinin 45 dollaradək artacağı gözlənilir. Razılaşma olmasa, o zaman qiymətlər 35 dollaradək ucuzlaşacaq.