Belçika terrorunun əsl hədəfi üzə çıxıb. QAZİLER.AZ-ın lent.az-a istinadən məlumatına görə, terror təşkilatı bu ölkədə əslində Pasxa bayramında hücumlar planlaşdırırmış. Amma polisin keçirdiyi əməliyyatlar onların planlarını pozub.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlar nəticəsində İŞİD-in Belçikadakı rəhbərləri öldürüldüyü üçün terror aktının vaxtı dəyişib. Adıçəkilən ölkədəki İŞİD liderlərindən Əlcəzair əsilli Muhamməd Belkaid polislə atışmada öldürülüb.Terrorçular yeni hədəf axtarışında - "Eyfel Qülləsini hansı rəngdə görmək istəyirsiniz?"
İngiltərənin “Times” qəzetinin iddiasına görə, İŞİD bayram günlərində ölkənin bir neçə bölgəsində terror aktı planlaşdırıb. Onların hücumları Kalaşnikov və müxtəlif növ tüfənglərlə Parisdəki terrorun oxşarını həyata keçirəcəkləri iddia olunur.
Maraqlıdır ki, Belçika hava limanının xəritəsi Paris terrorunun təşkilatçılarından biri hesab edilən terrorçunun evindən də tapılıb. "Belga" agentliyinin məlumatına görə, xəritə Afinadakı mənzildə olub. Məhz bu evdə Abdulhəmid Abaaud - ötən ilin noyabr ayında Paris terrorunu təşkil edənlərdən biri yaşayıb.
Terror təşkilatının sosial şəbəkələrdəki üzvləri İŞİD-in sonrakı hədəfləri ilə bağlı müzakirələr aparırlar. Qruplaşma üzvlərindən biri “yeni hücumlardan sonra Eyfel Qülləsini hansı rəngdə görmək istəyirsiniz” deyə istifadəçilərə sual ünvanlayıb.
Martın 22-də Brüssel aeroportu və metro stansiyasında partlayışlar baş verib. Nəticədə 34 nəfər həlak olub, 270 nəfər yaralanıb.
Fransa Belçikaya dəstək məqsədilə Parisdəki məşhur Eyfel qülləsini bu ölkənin bayrağındakı rənglərlə işıqlandırmışdı.
Terrora görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.