Yanvar ayında Rusiya daha 4,8 milyard dollar həcmində ABŞ-ın dövlət səhmlərini alıb. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu statistika Maliyyə Nazirliyi və Federal Ehtiyatlar Sisteminin birgə hesabatında yer alıb.
Bununla da Rusiyanın əlində olan ABŞ dövlət istiqrazlarının həcmi 96,9 milyard dollara çatıb. Sahib olduğu ABŞ dövlət istiqrazlarının həcminə görə Rusiya 15-ci yerdədir.Bu siyahıya Çin başçılıq edir. Ötən ilin dekabrından cari ilin yanvar ayınadək Çinin ABŞ-ın dövlət səhmlərinə investisiyaları 1,237 trilyon dollar təşkil edib.
Ümumilikdə isə xarici ölkələrdə 6,2 trilyon dollarlıq ABŞ dövlət səhmləri var. Son bir ayda bu rəqəm 35 milyard dollar artıb.
Hazırkı vəziyyətdə ABŞ-ın ümumi dövlət borcu 19,11 trilyon dollar təşkil edir. Hər ötən saniyədə bu məbləğ bir neçə min dollar artır. İndi hər bir amerikalıya 59 min 100 dollar xarici borc düşür.