Milli Məclis bu gün plenar iclasında "Lisenziyalar və icazələr haqqında" qanunu üçüncü oxunuşda qəbul edib.
Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə iclasda bildirib ki, qanun layihəsinin əvvəlki variantı 32 istiqamət üzrə lisenziyanın verilməsini nəzərdə tuturdu: "Prezident Administrasiyasında aparılmış müzakirələrin yekunu üzrə lisenziyalaşdırılan sahələrin sayı 23-dək azaldıldı".O, əlavə edib ki, sənədin əvvəlki variantında 300-dən artıq icazənin verilməsi nəzərdə tutulurdu, hazırda isə onların sayı 80-dək azaldılıb.
Qeyd edək ki, "Lisenziyalar və icazələr haqqında" qanun layihəsi lisenziyaların verilməsi müddətinin 15 gündən 10 günə, icazələrin isə 7 günədək azaldılmasını, elektron lisenziyaların verilməsini, lisenziyaların verilməsi zamanı "bir pəncərə" sisteminin tətbiqini də nəzərdə tutur. Həmçinin dövlət orqanlarını lisenziyaların alınması ilə bağlı sahibkarlara 5 gün ərzində metodik yardım göstərməyə təhkim edir.