Martın 15-i Sabunçu rayonu Nardaran qəsəbəsində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Nardaran Bilik evinin açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, mərasimdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, 295 nömrəli tam orta məktəbin direktoru, millət vəkili Dilarə Cəbrayılova, 130 nömrəli tam orta məktəbin direktoru Ağasəid Orucov, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu, Nardaran qəsəbə Rəhiməxanım pirinin axundu Hacı Musa Rza, Fondun əməkdaşları, Nardaran qəsəbə rəsmiləri, yerli ziyalılar və məktəblilər iştirak ediblər.
Ümummili lider Heydər Əliyevin həyat yolunu əks etdirən fotoguşə ilə tanışlıqla başlayan açılış mərasimində qonaqları salamlayan millət vəkili Dilarə Cəbrayılova Nardaran Bilik evinin fəaliyyət proqramı haqqında məlumat verib.Nardaranda Bilik evinin yaradılmasını dövlətin yerli əhaliyə diqqət və qayğısının daha bir nümunəsi kimi dəyərləndirən akademik Kamal Abdullayev bu ocaqda gənclərin və yeniyetmələrin dünyagörüşünün hərtərəfli inkişafı üçün geniş şərait yaradıldığını, müxtəlif kursların təşkil olunacağını, mütəmadi olaraq ədəbiyyat, incəsənət və dövlət xadimləri ilə maraqlı görüşlərin keçiriləcəyini, gənclərə elmi biliklərlə yanaşı, peşə vərdişlərinin də aşılanacağını vurğulayıb. Azərbaycanda tolerantlığın və multikulturalizmin tarixi köklərindən bəhs edən Dövlət müşaviri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə nəşr olunan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı haqqında da iştirakçılara geniş məlumat verib, azərbaycançııq ideologiyasından söhbət açaraq hər bir gəncin, yeniyetmənin ölkəmizin ümumi inkişaf prosesində danılmaz rolu olduğunu vurğulayıb.
K.Abdullayev yerli ictimaiyyət nümayəndələrinin və məktəblilərin ona ünvanladığı sualları da cavablandırıb.
Son illər ölkə başçısının göstərişi ilə Nardaranda abadlıq işlərinin sürətlə inkişaf etdiyini deyən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Bilik evinin yaradılması münasibəti ilə Nardaran gənclərini təbrik edib. Multikulturalizm ilində qarşıda duran vəzifələrdən bəhs edən A.Vəliyev əhalinin maariflənməsində Nardaran Bilik evinin böyük rol oynayacağına əminliyini bildirib.
Tədbir Nardaran məktəblilərinin hazırladığı bədii-musiqili proqramla davam edib. Mirzə Fətəli Axundzadənin "Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah" əsərinin motivləri əsasında səhnəcik göstərilib, şagirdlər şeirlər söyləyib, mahnılar oxuyub, “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabından parçalar səsləndiriblər.
Nardaran qəsəbə 295 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Rəhiməxanım Balağazadə Nardaranda Bilik evinin yaranmasına çox sevindiyini deyib: “İnanıram ki, Bilik evi mənim ən çox gəldiyim məkan olacaq. Burada biliklərimizi artırmaq üçün, maraqlı ədəbiyyat, elm adamları ilə görüşmək imkanımız olacaq. Biz məktəblilər dərsdən kənar vaxtlarımızı Bilik evində keçirməyə çalışacağıq”.
9-cu sinif şagirdi İlham Nuriyev Bilik evinin məktəblilər üçün qaranlıq məqamlara işıq salacağına inandığını deyib: “Biz dərsimizlə, ümumi dünyagörüşümüzlə bağlı maraqlandığımız suallara Bilik evində cavab tapacağıq. İstərdim ki, mənim oxuduğum məktəb də Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsinə qoşulsun”.
Sonda tədbir iştirakçıları Novruz tonqalı ətrafında "Yallı" gediblər.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Nizamnaməsinə uyğun olaraq, yerlərdə əhalinin maarifləndirməsi işinin daha gücləndirilməsi üçün Bilik evləri yaradır. Artıq Oğuz və Qax rayonlarda Bilik evləri fəaliyyət göstərir. Yaxın gələcəkdə Gəncə, İsmayıllı və Astarada Bilik evlərinin açılması nəzərdə tutulur.