İqtisadçılar Prezidentə müraciət etdi – Dollar kreditinə görə

İqtisadçılar Prezidentə müraciət etdi – Dollar kreditinə görə backend

Dollar kreditləri manat ifadəsində 2 dəfə artıb və bu da belə kredit götürənlərin sosial vəziyyətinə neqativ təsir göstərir. Bütün bunları nəzərə alaraq, bir qrup iqtisadçı adından Prezidentə müraciət etdik. Bu barədə Axar.az-a iqtisadçı alim Vüqar Bayramov məlumat verib.


Ekspert müraciətin hazırlanmasına görə Fikrət Yusifov, Sabit Bağırov və digər həmkarlarına təşəkkür edib.

Prezident Administrasiyasına təqdim edilən məktubun mətnini təqdim edirik:

“Möhtərəm Prezident,

Bu müraciətimizdə cəmiyyətimizi çox ciddi şəkildə narahat edən bir məsələnin reallıqlarını sizə çatdırmaq istəyirik. Qaldırdığımız məsələ bu gün milyonlarla vətəndaşın taleyi, cəmiyyətin sosial sabitliyi və dövlətin təhlükəsizliyi ilə bağlıdır. Söhbət banklar tərəfindən əhaliyə xarici valyutada verilmiş kreditlərlə bağlı yaranmış gərgin vəziyyətdən gedir. Belə ki, keçən ilin fevral və dekabrında baş vermiş manatın kəskin devalvasiyasından sonra bir çox vətəndaşlarımızın maddi vəziyyəti xeyli ağırlaşmış, eyni zamanda, onların az olmayan hissəsi psixoloji gərginlik altına düşmüşdür.

Apardığımız araşdırmalar göstərir ki, bu kreditlərin böyük əksəriyyəti sosial yönümlü kreditlərdir və insanlar onları bir qayda olaraq məişət problemlərinin həlli məqsədilə götürüblər. Kredit almaq üçün müraciət edən insanlar əksər hallarda manatla krediti almaq mümkün olmadığına görə xarici valyutada kredit götürməyə məcbur olublar.

Xarici valyutada gəliri olmayan bu insanlar bir il ərzində manatın məzənnəsində baş verən kəskin ucuzlaşmadan sonra indi xarici valyutada olan kreditləri ödəyə bilmirlər. Buna onların manatla olan gəlirləri imkan vermir. Keçən ilin fevral ayının 21-nə qədər kredit üçün aylıq ödənişi 200 manat olan bir vətəndaş indi həmin krediti bağlamaq üçün 400 manat xərcləməlidir. Bu isə real deyil. Çünkü onların gəlirləri bu miqyasda artmayıb. Bəziləri isə böhranla bağlı iş yerlərini itiriblər.

İnsanların belə maliyyə yükünü çəkmək imkanı praktik olaraq yox dərəcəsindədir. Digər tərəfdən, yaranmış bu durum bankların da vəziyyətini getdikcə ağırlaşdırmaqdadır.

Əldə etdiyimiz məlumata görə, bu gün əhali tərəfindən xarici valyutada olan kreditlər praktik olaraq ödənilmir. Bu kreditlərin qayıtmaması bank sistemini bütövlükdə iflic vəziyyətinə sala bilər. Bəzi banklar isə yaranmış vəziyyətdən haqsızcasına istifadə edərək müştərilərə kreditlərə güzəşt tətbiq etdiklərini deyib, onlara müəyyən ödənişlər etdirir və sonradan ödənilən məbləğin 2/3 hissəsini kredit faizlərinə silirlər. Bir sözlə, bu gün bu sahədə tam anlaşılmaz bir özfəaliyyət hökmranlıq edir. Bu vəziyyət sonda ölkədə sosial gərginliyin artması ilə nəticələnə bilər. Vətəndaşların dövlət qayğısına inamının möhkəmləndirilməsi, onların maraqlarının dövlət tərəfindən qeydsiz-şərtsiz təmin edilməsi üçün, fikrimizcə, dollarla kredit almış olanlara manatın məzənnəsindəki dəyişikliklər kompensasiya edilməlidir. Dövlətimizin qüdrəti və maliyyə ehtiyatları buna imkan verir. Bu cür kompensasiyalar dövlətə inamın sarsıntıya uğramasından daha az itki olar.

Eyni zamanda, bir neçə digər təkliflərimizi də diqqətinizə çatdırmaq istərdik. Bu təkliflər ölkəmizdə maliyyə-bank sistemində sabitliyin təmin olunmasına yönəlib. Belə ki, fikrimizcə, aşağıdakıların tədbiqi böyük əhəmiyyət kəsb edir:

1) Fiziki şəxslərin müflisləşməsi haqqında qanunun qəbul edilməsi. Mövcud Azərbaycan qanunvericiliyi yalnız hüquqi şəxslərin müflisləşməsi məsələlərini tənzimləyir;

2) Mərkəzi Kredit Bürosunun yaradılması. Bu qurumun statusu publik hüquqi şəxs kimi görünür və təsisçiləri arasında Mərkəzi Bankın, ASAN Xidmətin və Nəzarət Palatasının olması, rəyimizcə, məqsədə uyğun ola bilər. Kredit Bürosunun yaradılması eyni zamanda Azərbaycanın Doing Business hesabatındakı reytinqini də yüksəldər;

3) Maliyyə Ombudsmanı institutunun təsis edilməsi. Bu institut vətəndaşların qarşılaşdıqları maliyyə mübahisələrinin (banklarla və digər qurumlara) həllində və onların maraqlarının qorunmasında mühüm rol oynaya bilər;

4) Pərakəndə ticarətin inkişafı üçün TAKSİT sisteminin (Türkiyə və digər ölkələrdə populyar olan) tətbiqi həm vətəndaşların istehlak problemlərinin həlli, həm də eyni zamanda bu gün bir çox ticarət obyektlərində qeyri-qanuni fəaliyyət göstərən kredit verənlər sisteminin ləğvinə xidmət edər;

5) Lombardlar və lizinq qurumlarının fəaliyətinə nəzarətin gücləndirilməsi. Bu qurumlar vətəndaşların borclanması sisteminin digər həlqələridir. Burada da ciddi institusional islahatlara ehtiyac duyulur.

Bütün bu təkliflərimizə dair daha ətraflı açıqlamalar verməyə və aidiyyəti qurumlarla müzakirə etməyə hazırıq.

Cənab Prezident, yaranmış vəziyyətin ciddiliyini nəzərə alıb biz sizə müraciət etmək qərarına gəldik. Sizin taleyüklü məsələlərin həllində atdığınız addımların dəfələrlə şahidi olmuşuq. Bu məsələlərin də məhz sizin siyasi iradənizlə həll ediləcəyinə inanırıq. Xahiş edirik, cəmiyyətimiz üçün ağrılı olan bu məsələlərin həllində öz sözünüzü deyəsiniz”.
Diaspora