"Aparılan iqtisadi təhlillər göstərir ki, ölkəyə idxal olunan malların 50%-ə güzəştlər tətbiq edilir". "APA-Economics" xəbər verir ki, bunu Bakıda “Gömrük sistemində inkişaf və gələcək perspektivlər” mövzusunda konfransda Dövlət Gömrük Komitəsinin Maliyyə-tarif və valyuta nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov deyib.
Baş İdarə rəisinin sözlərinə görə, müxtəlif qanunvericilik aktlarına, o cümlədən Vergi Məcəlləsinə əsasən, ölkəyə idxal olunan bir sıra mallara güzəştlər tətbiq edilir: “Bu cür mallar ƏDV və idxal rüsumundan azaddır. Yəni idxalın cəmi 50%-i vergi yüklüdür. Bu mallara tətbiq olunan vergi və rüsumlardan dövlət büdcəsinə vəsait daxil olur”.M. Vahabov əlavə edib ki, Azərbaycan gömrük sistemində qanunun aliliyi həmişə üstün tutulub. Bunu əsas gətirən komitə rəsmisi gömrük orqanı əməkdaşları ilə yanaşı, sahibkarları da qanunun aliliyini üstün tutmağa çağırıb: "Dövlət Gömrük Komitəsində bəzi problemlər olub. Amma fəaliyyətinin 24 ili ərzində Dövlət Gömrük Komitəsi qanunun aliliyini üstün tutub. Bu gün idxal olunan mallar ilə bağlı məlumatlar düzgün təqdim olunmursa, nə etməliyik? Əlbəttə, ekspertiza idarəsinə müraciət etməliyik. Gömrük tarifi haqqında qanun beynəlxalq qanunvericiliyə uyğun hazırlanıb və bu qanuna əsasən gömrük dəyərləndirilməsi düzgün aparılır. Əgər kimsə malın gömrük dəyərinin aşağı bəyan olunmasına maraqlıdırsa və yaxud orijinal “invoice” deyərək malın gömrük dəyərini daha aşağı yazdırmaqla təqdim edirsə və tələb edirsə və bunun əsas sövdələşmə olmasını tələb edirsə, bu, yanlışdır. Sahibkarlar təkcə özünü düşünməməlidir. Biz daxili bazarı, rəqabətqabiliyyətliliyi, yerli istehsalı düşünməliyik. İdxalatçılarla yanaşı, istehsalçıların maraqlarını düşünməliyik. Ən vacibi isə dövlətin maraqlarını düşünməliyik. Sahibkar çalışırsa, dövlətin vergisini ödəməlidir və qanunauyğun mövcud sənədlər gömrük orqanlarına təqdim edilməklə, gömrük rəsmiləşdirilməsi həyata keçirilməlidir. Dövlətin müəyyənləşdirdiyi qanunla hər il dövlət büdcəsinin gəlir hissəsində vergi və rüsumları artıqlaması il yerinə yetirib. Gömrük tarifi tənzimlənməsi bütün ölkələrdə, o cümlədən Azərbaycanda onun milli maraqlarının, onun iqtisadi təhlükəsizliyinin təmin olunmasına xidmət edir”.