"Heç kim neftin qiymətini proqnozlaşdıra bilməz". APA-nın məlumatına görə, bunu Bakıda jurnalistlərə açıqlamasında Rusiya prezidentinin Qaz İxracatçısı olan Ölkələr Forumu üzrə xüsusi nümayəndəsi, "Qazprom" şirkətinin Direktorlar Şurasının sədri Viktor Zubkov deyib.
V. Zubkov deyib ki, əgər neftin qiyməti 50-60 dollar arasında qərarlaşarsa, bu, 2016-cı il üçün optimal qiymət olacaq: "Hazırda neftin bir barelinin qiyməti 40 dolları ötüb. Gələcəkdə nə olacağını demək isə çətindir. Neftin qiymətinə bir neçə amil, o cümlədən dünyanın müxtəlif ölkələrinin iqtisadiyyatının inkişaf tempi təsir edir. Bununla yanaşı, İran da öz neftini bazara çıxarır. Düşünürəm ki, OPEC və digər ölkələr yalnız neft hasilatının dondurulması üzərində deyil, hasilatı azaltmaq barədə də düşünməlidirlər. Bu halda neftin qiyməti 60 dolları keçə bilər".