Martın 9-da SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin (İB) “Etilen-polietilen” zavodunun yenidən qurulması layihəsi çərçivəsində birlik ilə “Technip İtaly” şirkəti arasında detallı mühəndislik və təchizata dəstək xidmətləri üzrə ilkin işlərə dair müqavilə imzalanıb.
Qaziler.az bildirir ki, SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, imzalanma mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo, “Technip İtaly” şirkətinin baş icraçı direktoru Marko Villa və hər iki şirkətin rəhbər nümayəndələri iştirak ediblər.SOCAR-ın prezidenti R.Abdullayev “Etilen-polietilen” zavodunun rekonstruksiyası layihəsi çərçivəsində görülmüş işlərdən bəhs edib. Bildirib ki, həyata keçiriləcək tədbirlər nəticəsində mövcud texnoloji qurğular modernləşdiriləcək, yeni qurğular inşa olunacaq, nəticədə İB-nin istehsal gücü artacaq. Həmçinin, Sumqayıtda tikintisinə başlanılmış polipropilen və polietilen qurğuları xammal ilə təmin ediləcək, ölkənin bu məhsullara tələbatı ödəniləcək, ixrac potensialı artacaq, texnoloji prosesin stabil və təhlükəsiz istismarının gücləndirilməsi, xammal və hazır məhsulların keyfiyyətinin yüksəldilməsi təmin olunacaq.
R.Abdullayev qeyd edib ki, mərhələli olaraq 2019-cu ilə qədər davam etdiriləcək layihələndirmə və tikinti işlərinin mürəkkəbliyi nəzərə alınaraq, piroliz qurğusu üzrə əsas lisenziarlardan biri olan, habelə piroliz qurğularının rekonstruksiyası üzrə dünyada və o cümlədən MDB ölkələrində böyük təcrübəyə malik “Technip İtaly” şirkəti detallı mühəndislik və təchizata dəstək üzrə ilkin işlərə cəlb edilib.
Mərasimdə vurğulanıb ki, yenidənqurma layihəsi ölkədə müasir standartlara cavab verən məhsulların istehsalına, digər tərəfdən bu işlərə yerli resursların cəlb edilməsi nəticəsində yeni iş yerlərinin açılmasına və əhalinin sosial durumunun yüksəlməsinə, dövlət büdcəsinin gəlirlərinin artırılmasına, Sumqayıtın ekoloji vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olacaq.
Müqaviləni “Azərikimya” İB-nin müşahidə şurasının sədri Muxtar Babayev və “Technip İtaly” şirkətinin baş icraçı direktoru Marko Villa imzalayıblar. Bununla da, “Technip İtaly” şirkəti “Etilen-polietilen” zavodunun yenidən qurulması layihəsi çərçivəsində detallı mühəndislik və təchizata dəstək üzrə ilkin işlər üçün podratçı qismində fəaliyyətə başlayıb.
Qeyd edək ki, baş ofisi Parisdə yerləşən “Technip” şirkəti mühəndislik, təchizat, tikinti və müxtəlif xidmətlər üzrə dünyanın aparıcı qurumlarından biridir. Şirkət 1997-ci ildən Azərbaycanda mühəndislik xidmətləri göstərib, o cümlədən “Şahdəniz” və Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi (NQENKK) kimi irimiqyaslı layihələrdə iştirak edib. Şirkət hazırda “Azərikimya” İB-nin “Etilen-polietilen” zavodunun yenidən qurulması layihəsi ilə yanaşı, “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsi üzrə idarəetmə və konsaltinq xidmətlərini də həyata keçirir.