Novruz bayramı yaxınlaşdıqca bazarlarda kənd təsərrüfatı məhsullarının qiyməti bahalaşmağa başlayıb. APA TV-nin paytaxt bazarlarında keçirdiyi həftəlik monitorinqin nəticələri bunu söyləməyə əsas verir.
Əhalinin ən çox istifadə etdiyi kartof və soğanın qiymətində cüzi bahalaşma var. Yerli kartof sortlarının bir kiloqramı 70-80 qəpikdir, soğanın bir kiloqramı isə 80 qəpikdən satılır. Bazarlarda xaricdən gətirilmiş kartof məhsulları azlıq təşkil etsə də, yerli sortlarla müqayisədə bu məhsullar nisbətən ucuzdur. Rusiya, Belarus və Polşadan gətirilmiş kartofun 1 kiloqramı 55-60 qəpiyədir, yerli məhsul çox olduğundan İran və Türkiyədən soğan gətirilməsi isə nisbətən azalıb.
Yerkökü və kələm ucuzlaşan tərəvəzlərdəndir. Ötən həftə kiloqramı 60-70 qəpiyə satılan yerkökünün qiyməti 4-50 qəpiyə enib. Kələmin bir kiloqramı isə orta hesabla 25-30 qəpiyə satılır. Bazarda ən çox bahalaşan məhsul meyvələrdir. Satıcılar bunu bayrama hazırlıqla əlaqədar meyvələrə tələbatın artması ilə izah edirlər. Heyvanın bir kiloqramı 2,50-3 manatdır, süfrəlik narın bir kiloqramının qiyməti 1,50 manatdan başlayır. Süfrəlik alma sortlarının, əsasən də "Napoleon", "Fuje", "Simerinka", "Qala" almalarının qiyməti ötən həftələrə görə 50-60 qəpik bahalaşıb. Bu alma sortlarının bir kiloqramı 1,50 manatdan başlayır. Naringinin qiyməti 2,50 manata çatıb, portağalın qiymətində isə elə bir dəyişiklik yoxdur. Bu sitrus meyvəsi 1,70 manata satılır. Kivinin bir kiloqramı 3 manat, Türkiyədən gətirilmiş nazik qabıqlı limonun dənəsi 50 qəpikdir.
Göyərti məhsullarının qiyməti isə nəzərəçarpacaq dərəcədə ucuzlaşıb. Bu, artıq yeni məhsulun bazara çıxması ilə izah olunur. Bazarlarda göyərtinin 5, 7, hətta 10 dəstəsi 1 manata satılır.
Ət məhsullarının qiymətində isə dəyişiklik yoxdur, mal əti, qoyun əti və toyuq əti ötən həftəki qiymətlərlə sayılır. Balıq məhsullarının qiyməti isə əhəmiyyətli dərəcədə bahalaşıb. Fevral ayında kiloqramı 5-7 manata satılan sudak balığının qiymətində ən azı iki dəfə artım var. Kiçik sudakların bir kiloqramı 9 manata, böyük sudakların bir kiloqramı isə 16 manata təklif olunur. Sazan, kütün və xanı balığının qiyməti artıb. Sazanın bir kiloqramı 8 manata, kütümün kiloqramı 9 manata, xanı balığının bir kiloqramı 5 manata satılır. Satıcılar balıq məhsullarının bahalaşmasının bazarda təklifin tələbi üstələməsi ilə izah edirlər. Havaların soyuq keçməsi balıqçıların dənizə çıxmasını çətinləşdirdiyindən bu amil də qiymətlərə təsir edib.
Bayram ərəfəsində bazarlarda satışa çıxarılan məhsulun artması, üstəlik kənd təsərrüfatı məhsulları yarmarkalarının fəaliyyətə başlaması qiymətlərin enməsinə təsir göstərəcək. Marketoloqlar bayram bazarlığının Novruza bir neçə gün qalmış edilməsini məsləhət görür. Bu, həmin ərəfədə həm seçim imkanlarının çoxalması, həm də məhsulun bollaşması ilə əlaqədar qiymətlərin düşməsi ilə əsaslandırılır.