11 bankın 74 müştərisinin kart hesablarına daxil olaraq oradakı pul vəsaitlərini mənimsəyiblər. Azərbaycanın daxili işlər orqanları informasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə sahəsində uğurlu əməliyyat tədbiri həyata keçirib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-a daxil olan məlumatda bildirilir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində Türkiyə Respublikasının vətəndaşı Mesut Uzunöz, Gürcüstan vətəndaşı Babək Qəribov və Azərbaycan vətəndaşı Rüfət Qüdrətlidən ibarət transmilli mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirlib.
"Araşdırmalarla müəyyən edilib ki, onlar əlbir olaraq Türkiyə Respublikasında yaşayan Yaşar Baranın tapşırığına əsasən Azərbaycanda saxta “ucuzsepet.com” veb saytını yaradıblar. Dəstə üzvləri həmin səhifədə onlayn alış-veriş edən Türkiyədə fəaliyyət göstərən 11 bankın 74 müştərisinin kart hesablarına sonradan qanunsuz yolla daxil olaraq oradakı pul vəsaitlərini Azərbaycan Respublikasında fəaliyyət göstərən müxtəlif banklarda adlarına açılan hesablara köçürüblər. Pul vəsaitləri Azərbaycanda nağdlaşdırılandan sonra yenidən Türkiyə Respublikasına göndərilib.
Bununla da saxlanılan şəxslərin zərərçəkənlərə ümumilikdə 54732 manat məbləğində ziyan vurduqları sübuta yetirilib.
Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir" - deyə məlumatda bildirilir.