İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri Vüqar Bayramov bu gün Bakıda Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Moqerini ilə görüşüb.
Bu haqda Axar.az-a iqtisadçı alim özü məlumat verib. Ekspert 2 saat davam edən və ictimaiyyət üçün açıq olmayan görüşlə bağlı bəzi mühüm məqamları bölüşüb:
“Müzakirələrdə neftin dünya bazar qiyməti aşağı düşəndən sonra regionda və eləcə də Azərbaycanda mövcud iqtisadi vəziyyət və bunun genişmiqyaslı islahatlar üçün yaratdığı imkanlara diqqət yetirildi. Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlük məsələsi əsas müzakirə mövzularından biri oldu. Ümumi qənaətim ondan ibarətdir ki, Avropa Birliyi Azərbaycanda islahatlara daha yaxından dəstək vermək niyyətindədir. Güman edirəm ki, ali nümayəndənin Azərbaycana səfəri ölkəmiz ilə köhnə qitə arasında münasibətlərin yenidən inkişafına töhvə verə bilər. Görüşdə həmçinin Novella Cəfərova, Mirvari Qəhrəmanlı, Şəhla İsmayıl və Əvəz Həsənov da iştirak edirdilər”.
Qeyd edək ki, fevralın 29-da Avropa Birliyinin Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Cənub Qaz Dəhlizi layihəsinin Məşvərət Şurasının II iclasında iştirak etmək üçün Azərbaycana səfər edib.