Hindistanda 35 yaşlı kişi ailəsinin 14 üzvünü bıçaqlayaraq öldürüb, daha sonra isə intihar edib. APA TV-nin "Indian Express"ə istinadən verdiyi məlumata görə, hadisə ölkənin Thana şəhərində qeydə alınıb.
Nəşrin məlumatına görə, Xansil Varekar adlı şəxs şəhərdə bayram tədbirlərinin təşkilatçısı işləyib. Onun ailəsi həmin vilayətdə imkanlı ailələrdən biri hesab edilirmiş.
Polis əməkdaşları bildiriblər ki, şənbə günü axşam Varekarın evində qonaqlıq olub. Yeyib-içdikdən sonra qohumların bir çoxu onun evində gecələyib. Gecə saat təxminən 02:00 radələrində Xansil evin giriş qapılarını bağlayıb və arvadını, 8 uşağını, 3 bacısını və valideynlərini yatdıqları yerdə bıçaqla qətlə yetirib, daha sonra isə özünü asıb. Qətl törədilən bıçaq onun cəsədinin yanında aşkar edilib.
Hadisə barədə polisə cinayətkarın sağ qalan bacısı məlumat verib. Bıçaq xəsarətləri alan qadın yaxınlıqdakı xəstəxanaya aparılıb, hazırda ona yardım göstərilir. Hadisənin motivləri hələlik məlum deyil, polis araşdırma aparır.