Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsində sökülən obyektlərə görə 30 nəfərə yaxın qəsəbə sakininə 2 milyon manatadək kompensasiya verilib.
Qaziler.az xəbər verir ki, bu barədə "Report"a "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat katibi Anar Nəcəfli bildirib.O deyib ki, kompensasiya verilməsinin növbəti mərhələsi Maliyyə Nazirliyinin vəsait ayırmasından sonra davam etdiriləcək: "Hazırda obyekti sökülən sakinlərin sənədləşmə işləri aparılır. Bu müddət ərzində Maliyyə Nazirliyi 7 milyon manat vəsait ayıracaq, həmin pul da mərhələli şəkildə qəsəbə sakinlərinə ödəniləcək".
Qeyd edək ki, Nardaranın Abşeron küçəsində siyahıyaalmada yolun tikintisinə düşən 96 təsərrüfat obyekti qeydə alınıb. Siyahıya alınan 96 təsərrüfat obyektindən 21-i yaşayış evidir. Həmin obyektlərin 1 kv.m-i üçün 100-400 manat məbləğində kompensasiya verilməsi nəzərdə tutulub. Yaşayış evləri üçün 1 kv.m-ə görə 400 manat ödənilir.