Suriyada Lazkiye yaxınlığında olan Sonovber Cible bölgəsində bomba daşıyan yük avtomobili ilə hücum olub. Lent.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu hücum nəticəsində xeyli sayda rus generallarının öldürüldüyü iddia olunur.
Suriyada vuruşan terrorçuların yaydığı məlumata görə, bomba daşıyan avtomobil "Ahraruş Şam və Beyan Hareketi" adlı qanunsuz silahlı birləşməyə aiddir. Bu yük maşını Lazkiyenin 15 kilometr uzaqlığında Rusiya ordusunun ən önəmli hərbi mərkəzlərinin biri olan Sonovber Cible bölgəsinə daxil ola bilib. Yayılan məlumata görə, əslində hadisə keçən bazar baş verib. Lakin olayla bağlı xəbərlər indi yayılır. Suriyadan gələn xəbərlərə görə, bomba yükü daşıyan avtomobil məhz rus generallarının toplantısı zamanı partladılıb. Ona görə xeyli sayda generalın öldüyünü, bəzilərinin isə xəsarət aldığını iddia edirlər.