Fevralın 24-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini – Sərhəd Xidmətinin direktoru, polkovnik Darxan Dilmanov ilə görüşüb.
Qaziler.az bildirir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,görüşdə Azərbaycan ilə Qazaxıstan arasında bütün istiqamətlər üzrə əməkdaşlığın səmərəli nəticələr verdiyi vurğulanaraq qeyd olunub ki, o cümlədən sərhəd mühafizəsi sistemində də əlaqələrin möhkəmləndirilməsi və xidmətlər arasında mütəmadi təcrübə mübadiləsinin aparılması ölkələrimizin mənafeyinə uyğundur. Odur ki, səfər çərçivəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin struktur bölmələri, fəaliyyət sahələri, Akademiyası və xüsusi Məktəbi ilə tanışlıq qazaxıstanlı qonaqlar üçün faydalı olacaq.Hər iki ölkənin Sərhəd xidmətləri arasında əməkdaşlıq imkanlarına toxunan tərəflər Xəzər dənizində sərhəd təhlükəsizliyi məsələlərində əlaqələri möhkəmləndirərək qeyri-leqal miqrasiyanın, qaçaqmalçılığın və digər qanunsuz fəaliyyətlərin qarşısının alınması üçün birgə əməliyyat-profilaktik tədbirlər keçirməyin səmərəli olacağını vurğulayıblar. Bununla yanaşı, bildirilib ki, güclü iqtisadi potensiala malik Azərbaycanda Qazaxıstanın Sərhəd Xidməti üçün gözətçi gəmilərinin və qayıqların inşası, helikopterlərin və gəmilərin təmiri, Akademiya xətti ilə mütəxəssislərin hazırlanması, habelə Avropa ilə Asiya arasında mühüm körpü rolu oynayan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə tranzit yüklərin vaxtında və keyfiyyətlə daşınması üçün münbit şəraitin yaradılması qarşıda duran geniş fəaliyyət istiqamətlərindəndir.
Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin də iştirak etdiyi görüşdə əməkdaşlığın perspektivlərinə dair tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.