OPEK-ə üzv olan ölkələrin və bu təşkilatın üzvü olmayan neft istehsalçı ölkələrin görüşü martın ortalarında baş tuta bilər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Venesuelanın neft naziri Euloxio del Pino bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Qətərin paytaxtı Dohada Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuelanın energetika nazirləri, digər istehsalçıların təşəbbüsə qoşulacağı təqdirdə, 2016-cı ildə neft hasilatı həcminin, orta hesabla, yanvar ayı səviyyəsində dondurulmasına dair ilkin razılığa gəliblər. İran bu ideyanı dəstəklədiyini bildirib. Lakin sonradan Səudiyyə Ərəbistanı neft hasilatını azaltmaqdan imtina edib. “Səudiyyə Ərəbistanı neft hasilatını azaltmağa hazır deyil”, - Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil Əl Cübeyr bildirib. Adil Əl Cübeyr təşəbbüsə digər ölkələrin qoşulacağı təqdirdə bazarın sabitləşəcəyini ehtimal edib.