Bu gün Azərbaycan özünün ilk avtonom islam bankının yaradılacağını elan edə bilər.
Qaziler.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda “Reuters” agentliyi yeni maliyyə təsisatının müşavirinə istinadən bildirir. Məlumata əsasən hökumət hazırda faizsiz maliyyələşmə məqsədi ilə bank haqqında qanunvericiliyin dəyişdirilməsi üzərində işləyir.Agentlk qeyd edir ki, bu addım Azərbaycanda Beynəlxalq Bankın yeni açdığı islami bankçılıq şöbəsini ötən ilin oktyabrında bağlamasından sonra ölkədə islam maliyyələşməsinin taleyini tamamilə dəyişdirəcək.
Azərbaycan Qazaxıstan və Tacikistanla yanaşı Ciddədə mənzillənmiş İslam İnkişaf Bankının köməyi ilə şəriət qaydalarına əsaslanan bank sistemi üçün daha rahat şərait yaradan keçmiş sovet respublikalarından biri olacaq.
İslami maliyyələşmə üzrə baş məslətçi Behnam Qurbanzadə agentliyə deyib ki, hazırda Azərbaycan Nazirlər Kabineti və İslam İnkişaf Bankının birgə işçi qrupu gələn ildən ölkədə ayrıca islam bankının yaradılması üzərində işləyir.
“Onlar İslam İnkişaf Bankı ilə birlikdə qanunvericilik üzərində işləyirlər və bu bank modelni inkişaf etdirməyə çalışırlar”-islami bankçılıq üzrə regional məsləhət şurasının üzvü olan Qurbanzadə Dubayda keçirilən beynəlxalq iqtisadi konfransda deyb. “Yeni bankın adı iki ay ərzində elan ediləcək, bu bazarda yeni islam bankı olacaq”-o əlavə edib.
Gözlənilir ki, yeni bank lizinq sahəsində xidmət göstərəcək, lakin xidmət sahələrinin daha geniş olacağı gözlənilr.Onun fikrincə, hazırda Azərbaycanı bank sektorunda hökm sürən çətinliklər korporativ müştəriləri də alternativ maliyyələşmə mənbəyi kimi islam bankına cəlb edə bilər. “Bu gün bazar uzunmüddətli maliyyələşməyə ehtiyac duyur, bu, investisiyalara və partnyorluğa əsaslanmalıdır, sadəcə kredit verib faiz götürməyə deyil”-Qurbanzadə deyib.
Azərbaycanda islami bankçılıq qaydalarını ilk dəfə Beynəlxalq Bank tətbiq etməyə cəhd göstərib və bu məqsədlə 200 milyon dollar ərəb kaptalı cəlb etmək barədə razılıq əldə edib. Bank həmin vəsaiti ipoteka yolu ilə Bakıda “7 Hills” adlı yaşayış kompleksinin inşasına yönəltməyi nəzərdə tutmuşdu. Lakin layihə uğursuz oldu və ötən ilin payızında Beynəlxalq Bank islami maliyyələşmə şöbəsini bağladı.