İcra Hakimiyyəti binasının qarşısındakı insidentlə bağlı AÇIQLAMA

İcra Hakimiyyəti binasının qarşısındakı insidentlə bağlı AÇIQLAMA backend

Cəlilabad rayon İcra Hakimiyyəti bu gün idarənin binası yaxınlığında baş vermiş insidentə münasibət bildirib. Cəlilabad RİH başçısının köməkçisi Malik Şərbətov Lent.az-a açıqlamasında bildirib ki, hadisə məhkəmədən boyun qaçıran şəxslər tərəfindən törədilib:

"Bir müddət əvvəl Alar kəndində qonşular arasında dava olub. Dava zamanı bir qrup kənd sakini Hətəmov Siyasət Sücəddin oğlunun övladını döyüblər. Bundan sonra məsələ hüquq-mühafizə orqanları təırəfindən araşdırılıb və məhkəməyə göndərilib. İş məhkəmədə olarkən hadisəni törədən şəxslər icra hakimiyyətinin qəbuluna yazılıblar. Mən şəxsən onları qəbul etmişəm və daha sonra kənd icra nümayəndəliyinə tapşırmışıq ki, tərəfləri barışdırmağa kömək etsinlər.

Ağsaqqalların da iştirakı ilə qonşular barışdırılıb. Amma eyni zamanda məhkəmə prosesi də davam edir və tərəflər məhkəməyə də gəlməlidirlər. Lakin hadisəni törədən Əliyev Tərlan Elbəy oğlu, Əliyev Rüstəm Elbəy oğlu və Əliyev Allahyar Füzuli oğlu məhkəməyə getmək istəməyiblər və icra hakimiyyətinin yaxınlığına gəliblər. Burada Tərlan Əliyev camaatın gur olduğu yerdə kəsici alətlə özünə, qarın nahiyəsinə xəsarət yetirib".

RİH nümayəndəsi əlavə edib ki, insidenti törədən şəxslərin psixoloji vəziyyətlə bağlı problemi var və özünə xəsarət yetirən şəxs daha əvvəl ruhi-əsəb dispanserində müalicə olunub.

Qeyd edək ki, Cəlilabad rayon İcra Hakimiyyətinin binası yaxınlığında baş vermiş insidentlə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Diaspora