Rusiya və OPEK üzvü olan üç ölkənin neft hasilatını 11 yanvar tarixindəki səviyyədə saxlamaq qərarı gözlənildiyinin əksinə olaraq neft bazarına neqativ təsir edib. APA TV-nin məlumatına görə, görüşdən hasilatın 5 faiz azaldılacağı qərarının çıxacağı gözlənilsə də, gözləntilər özünü doğrultmayıb və birjalarda neftin qiyməti yenidən ucuzlaşmağa başlayıb. Birjaların səhər seanslarında “Brent” markalı neftin bir bareli 32,43 dollardan satılıb ki, bu da dünənki qiymətlərdən 2,28 dollar ucuzdur. Qərbi Texas nefti də 1,59 dollar ucuzlaşıb. Hazırda WTI neftinin bir bareli 29,14 dollardan satılır.
Treyderlər neftin qiymətinin bu gün Qətərdə başa çatacaq danışıqların yekun nəticələrindən asılı olacağını iddia edir. Bugünkü danışıqlara İran və İraq da qoşulacaq. Əgər müzakirələrin yekununda hasilatı 5 faiz azaltmaq qərarı çıxmasa, həftə sonuna kimi neftin bir qədər də ucuzlaşacağı gözlənilir.