Dövlət və özəl şirkətlərin səhmləri ilə bağlı QADAĞA

Dövlət və özəl şirkətlərin səhmləri ilə bağlı QADAĞA backend

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "İnvestisiya qiymətli kağızlarının Azərbaycan Respublikası ərazisindən kənarda buraxılışı və yerləşdirilməsi Qaydası"nı təsdiq edib.

APA-nın məlumatına görə, bununla əlaqədar Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi2012-ci il 6 mart tarixli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının emitentlərinin qiymətli kağızlarının Azərbaycan Respublikası ərazisindən kənarda yerləşdirilməsi haqqında Qaydalar”ı ləğv edib.

Bu gündən qüvvəyə minən yeni Qayda Azərbaycanın emitentlərinin investisiya qiymətli kağızlarının və ya digər şəxs tərəfindən onların aktivləri ilə təmin olunmuş investisiya qiymətli kağızlarının Azərbaycan ərazisindən kənarda buraxılışı və yerləşdirilməsi qaydalarını tənzimləyir. Azərbaycanın emitentlərinin investisiya qiymətli kağızlarının və ya digər şəxs tərəfindən onların aktivləri ilə təmin olunmuş investisiya qiymətli kağızlarının Azərbaycan ərazisindən kənarda buraxılışı və yerləşdirilməsinə həmin buraxılış Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra yol verilir. Yeni Qaydada məhdudiyyət də müəyyən edilib. Emitentin Azərbaycan ərazisindən kənarda dövriyyədə olan səhmlərinin həcmi, emitentin səhmlərinə hüquqları təsdiq edən qiymətli kağızlar daxil olmaqla, emitentin cəmi emissiya etdiyi səhmlərinin 40%-dən artıq hissəsini təşkil etdikdə həmin emitentin investisiya qiymətli kağızlarının Azərbaycan ərazisindən kənarda buraxılışına və yerləşdirilməsinə yol verilməyəcək.

İnvestisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatına alınması üçün emitent Komitəyə aşağıdakı sənədləri təqdim etməlidir:

- investisiya qiymətli kağızlarının qeydiyyata alınması üçün ərizə;
- investisiya qiymətli kağızlarının buraxılışı haqqında qərar;
- emitentin hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin və nizamnaməsinin notariat qaydasında və ya “İnzibati icraat haqqında"” qanunda müəyyən edilmiş qaydada təsdiq edilmiş surətləri;
- investisiya qiymətli kağızlarının emissiya prospekti (investisiya qiymətli kağızlarının emissiyası emissiya prospekti ilə müşayiət olunarsa);
- emitent dövlət büdcəsindən maliyyə yardımı və ya investisiya yönümlü təxsisat alan, habelə, dövlət zəmanəti ilə alınmış borc da daxil olmaqla, dövlət büdcəsi qarşısında öhdəliyi olduqda xarici borclanmağa Maliyyə Nazirliyinin razılığı.

Qeyd edək ki, səhmlərin emissiyası emitent (səhmdar cəmiyyət) tərəfindən yeni səhmlərin buraxılması prosesidir.
Diaspora