Qazaxıstandakı Azərbaycan şirkətində QALMAQAL

Qazaxıstandakı Azərbaycan şirkətində QALMAQAL backend

Şirkətin Azərbaycan baş nazirinin müavini Abid Şərifova məxsus olduğu iddia edilir Əsasən körpülər, avtomobil yolları və tunelləri sahəsində ixtisaslaşmış "Evrascon" ASC-nin (Keçmiş "Azərkörpü" ASC-nin) Qazaxısantanda çalışan 100-ə yaxın işçisi beş aydır əmək haqlarını ala bilmir.

QAZİLER.AZ-ın Lent.az-a istinadən xəbərinə görə, işçlər problemin həll olunması üçün müxtəlif qurumlara müraciət ediblər. Müraciətlərinin nəticəsiz qaldığını görən işçilər problemi ictimailəşdirməyi qərara alıblar.

"Bildirək ki, "Evrascon" Azərbaycan şirkətidir. Biz Bakıdan Qazaxıstana ezam olunmuş Azərbaycan vətəndaşlarıyıq. Yəni biz şirkətdə əvvəldən işləmişik, bir müddətdir ki, bizi Qazaxıstana gətiriblər. Deməli, "Evrascon" 2014-cü ildən Qazaxıstanın Nəqliyyat və Kommunikasiya Nazirliyinin sifarişlərini yerinə yetirir. Hazırda bu ölkənin üç şəhərində körpü tikir. Biz Almatı şəhərində işləyirik. Burada da qalırıq. Qaldığımız yerin şəraiti yaxşıdır".

İşçilərin müraciətində bildirilir ki, onlara 5 aydır əmək haqqı verilmədiyi üçün bir həftədir tətil elan ediblər: "Artıq 20-dən çox körpünü biz işləmişik. Maaşımız 1000 manatdır, çox deyil. Amma 2015-ci ilin sentyabr ayından maaşımızı vermirlər. Yaranmış problemlə bağlı Qazaxıstanda bizim rəhbərimiz olan Ramiz Tağıyevə şikayət etmişik. Bizi qəbul edib. Amma hər dəfə də yalan vədlər verilib. "Evrascon" şirkətinin baş nazirin müavini Abid Şərifova məxsus olması heç kimə sirr deyil. Biz yaranmış problemlə bağlı Azərbaycanın Qazaxıstandakı səfirliyində olduq. Bizə buradan dedilər ki, müraciətimizi faksla göndərək. Amma bizim bu imkanımız olmadığı üçün müraciət edə bilmədik.

"Evrascon"un İdarə heyətinin sədri Mənaf Şirinov bizimlə telefonla danışdı. Maaşımızın veriləcəyinə vəd verdi. Amma yenə olmadı. Bu problem təkcə bizdə deyil. Üç şəhərdə işləyən bütün işçilərin problemidir.

İşçilər bildirir ki, onların əmək müqaviləsi və ezamiyyət vərəqəsi var: "Amma bu sənədlər şirkətdədir. Bizim pasportumuz da hazırda "Evrascon"dadır. Məlumat üçün bildirək ki, bu şirkət Azərbaycan və Qazaxıstanla yanaşı Rusiya, Ukraynada fəaliyyət göstərir. Hər yerdə də fəhlələr Azərbaycan vətəndaşlarıdır".

Məsələ ilə bağlı şirkətdən bildirilib ki, işçilərin bir hissəsinin əmək haqqı artıq ödənilib. Digər əməkdaşların da əmək haqqı yaxın beş gün ərzində ödəniləcək.
Diaspora