Azərbaycan və Türkiyə QHT-ləri turizm sahəsində əməkdaşlıq protokolu imzalayıblar

Azərbaycan və Türkiyə QHT-ləri turizm sahəsində əməkdaşlıq protokolu imzalayıblar backend

İstanbulda Azərbaycan və Türkiyənin turizm sahəsində fəaliyyət göstərən QHT-ləri əməkdaşlıq protokolu imzalayıblar.

APA-nın Türkiyə bürosunun məlumatına görə, imza mərasimindən əvvəl Azərbaycanı tanıtmaq üçün hazırlanmış film nümayiş etdirilib. Daha sonra çıxış edən Türkiyə Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) prezidenti Başaran Ulusoy, Azərbaycanın inkişafına diqqəti cəlb edərək son üç ildəki dəyişiklikləri vurğulayıb. ”2000-ci ildə Türkiyə ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlıq başlayanda Azərbaycandan gələn turist sayı ildə 300 min nəfər idi, indi 650 min nəfərə çatıb. Bu rəqəmləri normal sayıram. Mənim əsas hədəfim qardaş ölkədən Türkiyəyə gələn turist sayını 1.5 milyon nəfərə çatdırmaqdır ki, bununla ciddi məşğul olacağıq. Azərbaycan turizm sahəsində dünyada əhəmiyyətli yer tutacaq. Qardaş qardaşı qısqanmaz, onun uğurlarına sevinər”, deyə Başaran Ulusoy bildirib.
İmza mərasimində çıxış edən Azərbaycan Mədəniyyət və Turzim Nazirliyi turizm şöbəsinin müdiri Aydın İsmiyev son illərdə turizmin inkişafına dövlətin verdiyi dəstək barədə danışıb. Türkiyə və Azərbaycan QHT-ləri arasında turizm sahəsində ilk toplantının keçirildiyinə diqqəti cəlb edən Aydın İsmiyev, ölkədə turizmin inkişafına verdiyi dəstəyə görə TÜRSAB prezidenti Başaran Ulusoya minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən Səhiyyə və Termal Turizm Birliyinin sədri Ruslan Quliyev xarici turistləri Azərbaycana cəlb edəcək səbəblər barədə məlumat verib. Çıxışlar bitəndən sonra TÜRSAB və Azərbaycan Turizm Assosiasiyası arasında əməkdaşlıq protokolu imzalanıb. Protokolu TÜRSAB prezidenti Başaran Ulusoy və Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov imzalayıblar. Tədbirdən sonra iki ölkənin turizm təşkilatlarının təmsilçiləri konkret mövzular ətrafında işgüzar toplantılar keçiriblər.
Diaspora