"Azərbaycan Gürcüstanın əsas təbii qaz təminatçısıdır. Biz hər bir sahədə, eləcə də enerji məsələlərində Azərbaycanla səmərəli əməkdaşlıq edirik".
Qaziler.az bildirir ki, bunu "Report"a Gürcüstanın baş naziri Georgi Kvirikaşvili deyib.Baş nazir vurğulayıb ki, Gürcüstanın “Qazprom” şirkətindən "mavi yanacaq" almaq istəyi barədə yaranmış söz-söhbətlərin heç bir əsası yoxdur: "Biz sadəcə “Qazprom”un Ermənistana satdığı təbii qazın nəqlinə görə 12 faiz tranzit haqqı alırıq. Rusiya bizə tranzit haqqını nağd pulla ödəmək istəyir. Biz isə "mavi yanacaq" şəklində almaqda israrlıyıq. Bu danışıqların heç bir siyasi anlamı yoxdur və demək olar ki, bu barədə danışıqlarımız da artıq başa çatıb".
Baş nazir Azərbaycanla əlaqələrdən danışıb: “Azərbaycan bizim strateji tərəfdaşımızdır. Biz bütün sahələrdə çox səmərəli əməkdaşlıq edirik. Enerji sahəsində əməkdaşlığımız da bu sıradandır və bundan sonra da davam edəcəkdir”, - deyə baş nazir vurğulayıb.