Rusiya ilə Azərbaycan arasında imzalanmış müqaviləyə əsasən, ölkəmizdən kənd təsərrüfatı məhsulları ilə yanaşı, bir sıra ərzaq malları, o cümlədən pendir, smetan, xama və s. şimal qonşumuza göndərilir. Lakin son vaxtlar manatın devalvasiya olunmsı bu prosesin müəyyən qədər yubanmasına yol açıb. Təbii ki, müqavilənin tərəflər üçün iqtisadi cəhətdən faydalı olması sirr deyil.
Hökumət xarici ölkələrlə imzaladığı müqavilələrin icrası ilə bağlı ciddi problemlərin yaşanmadığını, manatın məzənnəsinin zəifləməsinin ciddi inflyasiya yaratmayacağını, dövlətin yerli istehsalı gücləndirmək, ixrac məhsullarını artırmaq üçün inkişaf proqramına sahib olduğunu açıqlayıb.Dünya iqtisadiyyatında problemlər həll edilənədək yeni dünya iqtisadi proseslərinə uyğunlaşmaq lazımdır. Hökumət belə şəraitdə inkişaf proqramına malikdir və baş verən proseslərin əhalinin rifahına çox təsir etməməsi üçün bütün məsələləri nəzərdən keçirir.
İqtisadiyyat və Sənaye Nazirliyindən bildirilib ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyası mövcuddur və bunun on dördüncü iclası ötən il sentyabrın 15-də Bakıda keçirilib və qarşılıqlı iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi qərara alınıb.
Statistik göstəricilərə görə, 2014-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 1 954,75 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 1 314,48 mln. ABŞ dolları, ixracın həcmi isə 640,27 mln. ABŞ dolları olub. Ötən ildə Rusiyanın Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 6,30 faiz, o cümlədən idxalda 14,31 faiz, ixracda isə 2,93 faiz təşkil edib.
Müqayisə üçün bildirək ki, 2013-cü ildə isə ticarət dövriyyəsinin həcmi 2.583,02 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 1.505,18 mln. ABŞ dolları, ixracın həcmi isə 1.077,84 mln. ABŞ dolları təşkil edib. 2013-cü ildə Rusiyanın ölkəmizin xarici ticarət dövriyyəsindəki payı 7,45 faiz, o cümlədən idxalda 14,05 faiz, ixracda isə 4,50 faiz olub.
2012-ci il ilə müqayisədə, 2013-cü ildə Rusiya Federasiyası ilə ticarət dövriyyəsi 10,33 faiz, o cümlədən ixrac 12,29 faiz, idxal isə 8,97 faiz artıb.
Ekspertlər yerli istehsalın gücləndirilməsinin əhəmiyyətli olduğunu, manatın zəifləməsinin istehsala o qədərdə ciddi təsir etməyəcəyi, qonşu ölkələrdə Azərbaycan məhsullarına tələbatı get-gedə artıracağını düşünürlər. Onların fikrincə, əvvəllər bəzi məhsulların kənardan idxalına üstünlük verilirdi. İndi daxili istehsalın gücləndirilməsi mühüm yer tutur. Keyfiyyətli məhsul istehsalı artıqca xarici ölkələrdə həmin mala təlabat və maraq artır.
İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli də bildirib ki, hökumət manatın devalvasiyasının mənfi nəticələrinin mümkün sahələrdə aradan qaldırılması, digər yönlərdə müəyyən dərəcədə yaranmış vəziyyəti yumşaldılması istiqamətində tədbirlər paketi hazırlayır.
Milli Məclisin deputatı Rüfət Quliyev də mətbuata açıqlamasında söyləyib ki, manatın məzənnəsinin zəifləməsi qonşu ölkələrdə, xüsusilə də Rusiyada Azərbaycan məhsullarına tələbatı artıracaq. Rusiyada rublun kəskin devalvasiyası zamanı bu ölkəyə ixrac edilən Azərbaycan məhsullarına daha az tələbat oldu və bir çox tədarükçülər biznesin həcmini azaltmaq və ya digər hesablaşma forması axtarmağa məcbur oldular.
Ümumiyyətlə, Azərbaycan uzun illərdir manatın məzənnəsini dollara bağlı saxlayıb və belə tərkibli iqtisadi model cəmiyyət və dövlətin maraqlarını qorumaq üçün lazım olub. Lakin unutmaq olmaz ki, bütün dünya 2008-ci ildən böhran yaşayır. Bir çox ölkənin iqtisadiyyatı geriləyir, onların iqtisadi göstəriciləri azalır, ümumi milli məhsulu isə ildə cəmi 0,5 faiz artır. Bütün bu illər ərzində Azərbaycan hökuməti ehtiyatları hesabına manatın məzənnəsini sabit səviyyədə saxladı. Bizdə inflyasiyanın ildə 1,5-2 faizdən çox artmasına imkan verilmədi. Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstan, Ermənistan, Türkiyə, Qırğızıstan və Tacikistan kimi bir çox ölkədə milli valyutanın devalvasiyası baş verdi. Təbii ki, Azərbaycanı qlobal iqtisadiyyatdan kənarda nəzərdən keçirmək olmaz.
Xatırladaq ki, ötən ildə Azərbaycanın MDB dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 2 921,25 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 2 083,19 mln. ABŞ dolları, ixracın həcmi isə 838,06 mln. ABŞ dolları təşkil edib. Həmin ildə MDB dövlətlərinin Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 9,42 faiz, o cümlədən idxalda 22,67 faiz, ixracda isə 3,84 faiz olub.