"Yeni İpək Yolu" marşrutu üzrə yeni konteyner qatarının tam şəkildə kommersiya istismarına artıq mart ayında başlanacaq.
Qaziler.az bildirir ki, "Report"un "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu Ukraynanın infrastruktur naziri Andrey Pivovarski bildirib.Onun sözlərinə görə, yanvarın 15-də Çinə yola salınan qatar Ukraynaya fevralın sonundək gəlməlidir.
Nazir hesab edir ki, bundan sonra "logistika baxımından zəif olan tamamilə bütün yerlərin" emalı dövrü başlayacaq, müvafiq nizamlayıcı sənəd imzalanacaq: "Bu, qatarın kommersiya istifadəsinə imkan verəcək".
Ukraynalı nazir bildirib ki, "bütün texniki problemləri nizamlayan" yekun protokol fevralın 20-də Bakıda imzalana bilər. Yolun əsas opertoru ehtimal ki, "Ukrzalinıtsya"ya daxil olan "Lisiki" NSM olacaq.
A.Pivovarski vurğulayıb ki, yolun kommersiya cəhətdən uğurlu olması üçün müəssisə mümkün olan hər şeyi etməlidir. Onun dediklərinə görə, konteyner qatarının yolu 10 günə qət etməsinə nail olmaq tamamilə mümkündür: "Bu, Rusiya ərazisi ilə analoji yola demək olar ki, bərabərdir".
Qeyd edək ki, Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə konteyner qatarı Çin sərhədinə 15 günə çatıb.