Beynəlxalq Valyuta Fondunun (BVF) işçi heyəti Azərbaycana səfərinin yekunları barədə bəyanat yayıb.
Qaziler.az bildirir ki, Maliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçinin rəhbərlik etdiyi Fondun işçi heyət üzvlərindən ibarət komandası 2016-cı ilin 28 yanvar - 3 fevral tarixlərində Bakıda faktaraşdırıcı məqsədli, habelə texniki yardım müstəvisində əməkdaşlıq sahələrinin müzakirəsi məqsədini daşıyan səfərdə olub.Səfərin sonunda M.Qorçi aşağıdakı bəyanatı edib: “Azərbaycan iqtisadiyyatı, xüsusilə neft qiymətlərinin gözəçarpan dərəcədə aşağı düşməsi, iqtisadi artımın əhəmiyyətli dərəcədə səngiməsi və ticarət tərəfdaşı olan ölkələrin milli valyutalarının dəyərdən düşməsi nəticəsində mənfi şoklar silsiləsinə məruz qaldı. İqtisadi artım tempi 2015-ci ilin birinci yarısında yüksək oldu, lakin ilin ikinci yarısında azaldı, cari hesabın profisiti isə heçə endi".
Bəyanatda deyilir ki, rəsmi orqanlar kənardan pisləşən mühitə qarşı bir sıra cavab tədbirlərini görüblər: "Ehtiyatda olan vəsaitin azaldığı və kənar şokların bərkidiyi şəraitdə Azərbaycanın Mərkəzi Bankı manatı devalvasiyaya uğratdı və idarə olunan üzən məzənnə rejiminə buraxdı. Devalvasiya rəqabət qabiliyyətini artırmağa kömək etdi. Bundan sonra Mərkəzi Bank məzənnə çevikliyinin genişlənməsinə şərait yaratdı, ölkədən kapital axınlarının qarşısını almaq üçün tədbirlər gördü və bəzi problemli bankların birləşməsi və ləğvinə başladı. Eyni zamanda, hökumət fiskal siyasəti azalan neft gəlirləri şəraitinə uyğunlaşdırmağa başladı. Gəliryaratma istiqamətində yeni fiskal tədbirlərinin tətbiqi ilə yanaşı, keçmişdə neft qiymətinin kəskin artması nəticəsində həcmi sürətlə genişlənmiş dövlət investisiya qoyuluşu daralmağa başladı. Əlavə olaraq, aztəminatlı əhali təbəqələrini müdafiə etmək üçün yaşa görə pensiya və ünvanlı sosial yardımın məbləği artırıldı. Nəhayət, işgüzar mühiti yaxşılaşdırmaq üçün bir sıra prioritet struktur islahatları elan edildi".
Qeyd olunur ki, gələcəyə baxdıqda, iqtisadi artım və tədiyə balansı üzərindəki təzyiqlər yaxın gələcəkdə rəsmi orqanların üzləşdiyi əsas çağırışlar olaraq böyük ehtimalla davam edəcək: "Bununla belə, Azərbaycanın əhəmiyyətli həcmdə ehtiyat vəsaitini nəzərə aldıqda, habelə iqtisadi siyasətlə bağlı cavab tədbirlərinin daha da gücləndiriləcəyi təqdirdə, rəsmi orqanlar yaranmış çağırışların öhdəsindən gəlmək üçün yaxşı mövqeyə malikdirlər. İqtisadi siyasət prioritetlərinə çoxillik fiskal konsolidasiya planının hazırlanması və əvvəlcədən açıqlanması, çevik məzənnə rejiminə keçidə kömək etmək üçün pul siyasəti çərçivəsinin möhkəmləndirilməsi, maliyyə sektoru və nəzarətin gücləndirilməsi və iqtisadiyyatı daha çox şaxələndirmək naminə struktur islahatlarının həyata keçirilməsi daxildir. Bu mənada, biz hökumətin layihələrin səmərəliliyinə daha çox diqqət yetirməklə, 2016-cı ildə dövlət investisiya xərclərini daha davamlı səviyyəyə doğru əlavə olaraq azaltmaq niyyətini dəstəkləyirik. Rəsmi orqanlar və BVF işçi heyəti iqtisadi siyasət məsələləri müstəvisində yaxından dialoq aparmaq və texniki yardımı artırmaq baxımından razılığa gəliblər".